ABŞ-də məhkəmə Trampın 1,8 milyard dollarlıq kompensasiya fondunu bloklayıb

2026/06/1780599312.jpg
Oxunub: 232     22:36     12 İyun 2026    
ABŞ-də federal hakim Prezident Donald Tramp administrasiyasının yaratmağı planlaşdırdığı 1,8 milyard dollarlıq kompensasiya fonduna qoyulmuş məhkəmə qadağasının müddətini uzadıb.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, fond dövlətin sui-istifadələrindən zərər çəkdiyini bildirən şəxslərə ödənişlər etmək məqsədilə nəzərdə tutulmuşdu.

Bu ayın əvvəlində ABŞ-nin baş prokuror səlahiyyətlərini icra edən Todd Blanş Konqresə hökumətin fondun yaradılması planından imtina etdiyini bildirmişdi. Bu qərar həm demokratlar, həm də respublikaçılar tərəfindən sərt tənqidlərin səslənməsindən sonra verilib.

Lakin iddiaçıların nümayəndələri bu açıqlamaların kifayət qədər təminat olmadığını bildiriblər.

ABŞ dairə məhkəməsinin hakimi Leoni Brinkema hökumətin işin aktuallığını itirdiyi barədə arqumentlərini qəbul etməyərək fondun bloklanmasının növbəti qəraradək qüvvədə qalmasına qərar verib.

“İşin mənasını itirdiyi ilə bağlı arqument mənim fikrimcə heç bir yerə aparmır”, - deyə hakim bildirib.

Bundan əvvəl məhkəmə fondun fəaliyyətini ən azı iki həftə müddətinə müvəqqəti dayandırmışdı və əvvəlki qadağanın müddəti cümə günü başa çatırdı.

Fond Tramp administrasiyası tərəfindən ABŞ Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı onun vergi bəyannamələrinin sızdırılması ilə bağlı məhkəmə iddiasının nizamlanması məqsədilə yaradılmışdı.

Təşəbbüsə etiraz edən iddiaçılar bildirirlər ki, dövlət büdcə vəsaitlərini qanuni şəkildə onların “Trampın müttəfiqlərinə kompensasiya vermək üçün mümkün siyasi alət” adlandırdıqları fonda yönləndirə bilməz.

Vaşinqtonda paralel şəkildə davam edən başqa bir məhkəmə prosesində digər hakim fondun fəaliyyətini müvəqqəti dayandırmaqdan imtina edib və Ədliyyə Nazirliyinin məsələnin aktuallığını itirdiyi barədə mövqeyini qəbul edib.

Bununla yanaşı, hakimlər qeyd ediblər ki, iş materiallarında hələ də həllini tapmamış məsələlər qalır. Bunlara fondun yaradılmasından tam imtina edilməsi barədə rəsmi qərarın olmaması və onun gələcək statusunun qeyri-müəyyənliyi daxildir.

Fond bu günədək tam fəaliyyətə başlamayıb. Ödəniş meyarlarını müəyyən etməli olan komissiya yaradılmayıb və heç bir müraciət qəbul olunmayıb.

Xüsusilə vurğulanır ki, müzakirələr zamanı 2021-ci il yanvarın 6-da baş vermiş hadisələrin iştirakçılarının da fondun mümkün benefisiarları arasında ola biləcəyi qeyd olunub. Lakin onların proqramda iştirak meyarları rəsmi şəkildə müəyyən edilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp  


Bizi "telegram"da izləyin