Tailandda şahzadə Patçara Kitiyaphanın ölümü ilə əlaqədar matəm elan olunub

2026/06/1781270718.jpg
Oxunub: 221     17:25     12 İyun 2026    
Tailand hökuməti şahzadə Patçara Kitiyaphanın vəfatı ilə əlaqədar ölkədə 15 günlük matəm elan edib.

Ordu.az xəbər verir ki, bu barədə krallığın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ölkədəki bütün dövlət qurumları, müəssisələr və təhsil ocaqları 2026-cı il iyunun 12-dən etibarən 15 gün müddətində dövlət bayraqlarını yarıya qədər endirməlidirlər.

Bundan əlavə, dövlət qulluqçuları və dövlət müəssisələrinin əməkdaşları da həmin müddətdə matəm qaydalarına riayət etməlidirlər.

Tailand Kral Sarayının Bürosunun məlumatına əsasən, kral Maha Vaçiralonqkornun (X Rama) böyük qızı olan Patçara Kitiyapha iyunun 11-də 47 yaşında Banqkokdakı Kral Çulalonqkorn Memorial Xəstəxanasında vəfat edib.

Şahzadə 2022-ci il dekabrın 15-dən etibarən huşsuz vəziyyətdə idi.

Bu ilin may ayında Kral Sarayının Bürosu həkimlərin səylərinə baxmayaraq, nəzarət altına alınmayan infeksiya səbəbindən onun vəziyyətinin ağırlaşdığını açıqlamışdı.

Patçara Kitiyapha 2022-ci ilin dekabrında Nakhon Ratchasima əyalətində keçirilən təlim zamanı huşunu itirmiş, ürək xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilmiş və daha sonra Banqkoka köçürülmüşdü.

Şahzadə 2006-cı ilə qədər Tailandın BMT yanında daimi nümayəndəliyində çalışıb. Daha sonra ölkənin Baş Prokurorluğunda fəaliyyət göstərib.

2012-2014-cü illərdə Tailandın Avstriyadakı səfiri vəzifəsində işləyən Patçara Kitiyapha vətənə qayıtdıqdan sonra yenidən Baş Prokurorluqda fəaliyyətini davam etdirib və 2021-ci ildə kral qvardiyasının qərargah rəisi vəzifəsinə təyin olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tailand   Matəm  


Bizi "telegram"da izləyin