Lukaşenko: “Ukraynada və İran ətrafındakı münaqişələr bu il başa çata bilər”

2026/06/1780690196.jpg
Oxunub: 203     20:40     12 İyun 2026    
Belarus Prezidenti Aleksandr Lukaşenko Al Arabiya telekanalına müsahibəsində bildirib ki, Ukraynada və İran ətrafında davam edən münaqişələr artıq bu il ərzində dayandırıla bilər.

Ordu.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Sülh perspektivləri ilə bağlı suala cavab verən Lukaşenko qeyd edib ki, mövcud müharibələr qaçılmaz şəraitdən deyil, “insan amilindən” qaynaqlanır və siyasi iradə olduğu halda onları dayandırmaq mümkündür.

“Hər şey sözün əsl mənasında bir neçə nəfərin istəyindən asılıdır. Əgər belə bir istək olarsa, bu müharibələri mütləq bu il başa çatdırmaq mümkündür. Hətta Rusiya ilə Ukrayna arasındakı münaqişəni də bu il başa çatdırmaq olar”, - deyə o bildirib.

Lukaşenko Yaxın Şərqdəki vəziyyətə də toxunaraq qeyd edib ki, bölgədəki gərginlik əsasən İsrail və İran arasındakı qarşıdurma ilə bağlıdır və bu məsələ çox vaxt təqdim olunduğu kimi birbaşa ABŞ ilə İran arasındakı münasibətlərlə məhdudlaşmır.

“Orada müharibəni dayandırmaqdan başqa çıxış yolu yoxdur. Və bu müharibə bu il dayanacaq. Ümid edirəm ki, bu, yaxın zamanda baş verəcək”, - deyə Belarus Prezidenti bildirib.

Onun sözlərinə görə, gərginliyin azalmasında ABŞ rəhbərliyi həlledici rol oynaya bilər, çünki bu məsələdə “çox şey” Vaşinqtonun mövqeyindən asılıdır.

Lukaşenko hesab edir ki, mövcud şərait ABŞ-ni İrana qarşı hərbi təzyiqləri azaltmağa sövq edir, İsraillə bağlı sonrakı proseslər isə böyük ölçüdə ABŞ-nin mövqeyindən asılı olacaq.

Belarus Prezidenti yekunda hər iki münaqişənin cari il ərzində dayandırılmasının mümkün olduğuna əminliyini ifadə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Belarus   Ukrayna  


Bizi "telegram"da izləyin