İsrail şirkətləri PUA aşkarlama sistemləri üzrə əməkdaşlığa başlayır

2026/06/1781278579.jpg
Oxunub: 192     19:35     12 İyun 2026    
İsrailin “High Lander Aviation” və “ThirdEye Systems” şirkətləri Pilotsuz Uçuş Aparatı (PUA) aşkarlama sistemləri sahəsində əməkdaşlıq edəcək.

Ordu.az xəbər verir ki, İsrailin aparıcı müdafiə şirkətlərindən olan “High Lander Aviation” və “ThirdEye Systems” bu istiqamətdə birgə layihə həyata keçirmək barədə razılığa gəliblər.

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Airspace World” konfransında əldə olunan razılaşma çərçivəsində şirkətlər “Hizbullah”a məxsus PUA-ların aşkarlanmasına yönəlmiş sistem hazırlayacaq.

Müqavilə “ThirdEye Systems” şirkətinin MeduzaX optik aşkarlama sistemi ilə “High Lander Aviation” tərəfindən hazırlanmış “Vega” (UTM) PUA-ların hərəkətinin idarə edilməsi platformasının inteqrasiyasını nəzərdə tutur.

Aşağı görünmə xüsusiyyətinə malik və radiofrekans siqnalı yaymayan PUA-ların yaratdığı təhlükəyə diqqət çəkən “ThirdEye Systems” şirkətinin baş icraçı direktoru Lior Seqal əməkdaşlıqla bağlı bunları deyib:

“High Lander ilə əməkdaşlığımız PUA aşkarlanması və hava məkanının idarə olunması sahəsində meydana çıxan yeni çağırışlara güclü cavab verir. “MeduzaX”in real vaxt rejimində topladığı optik məlumatları birbaşa “Vega” UTM ekosisteminə ötürərək təhlükəsizlik mütəxəssislərini getdikcə daha mürəkkəb hava məkanında həssas obyektləri qorumaq üçün zəruri vizual təsdiq və situasiya məlumatlılığı ilə təmin edirik”.

“The Jerusalem Post” qəzetinin məlumatına görə, İsrail Livan istiqamətindən istifadə olunan FPV və fiber-optik PUA-ları aşkarlamağı hədəfləyir.

Bu məqsədlə ölkə aşağı hündürlüklü hava məkanında daha yüksək situasiya məlumatlılığı təmin edən inteqrasiya olunmuş texnoloji arxitekturaya investisiya yatırır. Xüsusilə mülki istifadə üçün hazırlanmış sistemlər PUA əməliyyatları ilə uyğunlaşdırılaraq hava hərəkətinin idarə olunması kimi vəzifələrdə tətbiq edilir.

İnteqrasiya çərçivəsində sistemin iş prinsipi “MeduzaX”in optik və termal üsullarla aşkarladığı PUA-nın mövqeyi, hündürlüyü, sürəti və marşrutu barədə məlumatları real vaxt rejimində API və ya məlumat bağlantısı vasitəsilə “Vega” UTM sisteminə ötürməsinə əsaslanır.

“Vega” UTM həmin məlumatlardan istifadə edərək özündə birləşdirdiyi müxtəlif modullar vasitəsilə hədəf müqayisəsi aparır. Müqayisə nəticəsində sistem qeydiyyatda olan PUA məlumatlarını uçuş icazələri və planlaşdırılmış tapşırıqlarla tutuşduraraq yoxlama həyata keçirir.

Bildirilir ki, MeduzaX ötürülməzdən əvvəl məlumatları emal edir və uç hesablama texnologiyası vasitəsilə onların daha sürətli təhlil olunmasına imkan yaradır.

Bundan əlavə, real vaxt EO/IR məlumatları cihazın aktiv siqnal yaymayan görüntü əsaslı optik-radar xüsusiyyəti ilə birləşərək həm gündüz, həm də gecə effektiv fəaliyyət göstərməsini təmin edir.

“High Lander” şirkətinin baş icraçı direktoru Alon Abelson hava məkanının dəqiq təhlili üçün müxtəlif sistemlərin inteqrasiyasının vacibliyini vurğulayıb.

“PUA-ların gündəlik reallığa çevrildiyi qlobal aviasiya mühitində yalnız izləmə kifayət deyil, hava məkanının tam şəffaflığı təmin edilməlidir. Bu tərəfdaşlıq vahid və uyğunlaşdırılmış hava məkanı yaratmaq missiyamızda mühüm irəliləyişi təmsil edir”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   PUA   Sistem  


Bizi "telegram"da izləyin