Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, on il müddətində qüvvədə olacaq müqavilə ABŞ-nin pilot hazırlığı sisteminin əsasını təşkil edən 11 strateji təlim bazasını əhatə edir.
2026-cı il iyunun 8-də elan olunan müqavilə Hərbi Hava Qüvvələrinin Təhsil və Təlim Komandanlığının (AETC) tabeliyində olan bazalarda texniki xidmət, logistika, informasiya texnologiyaları, aerodrom idarəçiliyi, fövqəladə hallar xidmətləri və insan resursları da daxil olmaqla çoxsaylı fəaliyyət sahələrini əhatə edir. Proqramın 2036-cı ilə qədər davam etdirilməsi planlaşdırılır.
Müqaviləyə daxil edilən bazalar ABŞ Hərbi Hava Qüvvələrinin pilot və texniki mütəxəssis hazırlığı fəaliyyətlərinin əsas mərkəzləri hesab olunur.
Oklahoma ştatındakı “Vance” Hərbi Hava Bazası və Texas ştatındakı “Laughlin” Hərbi Hava Bazasında T-6 “Texan II” və T-38 “Talon” təlim təyyarələri ilə əsas pilot hazırlığı həyata keçirilir. “Sheppard” Hərbi Hava Bazası isə NATO-nun çoxmillətli reaktiv pilot hazırlığı proqramına ev sahibliyi edir.
Arizona ştatındakı Luke Hərbi Hava Bazası dünyanın ən böyük F-35 təlim mərkəzi kimi fəaliyyət göstərir. Burada həm ABŞ, həm də müttəfiq ölkələrin pilotları F-35 “Lightning II” qırıcıları üzrə hazırlıq keçirlər.
Missisipi ştatındakı “Keesler” Hərbi Hava Bazası əsasən kibermüharibə və texniki təlimlərə yönəlib. Alabama ştatındakı “Maxwell” Hərbi Hava Bazasında isə Hərbi Hava Universiteti fəaliyyət göstərir. Nyu-Meksikodakı Holloman bazası F-16 pilotlarının hazırlanmasına xidmət edir, digər bazalarda isə kəşfiyyat, hərbi nəqliyyat aviasiyası və müxtəlif ixtisas sahələri üzrə təlimlər keçirilir.
Müqavilə yalnız təyyarələrin texniki xidmətini əhatə etmir. Proqram çərçivəsində müvəqqəti yerləşdirilmiş hava vasitələrinin texniki xidməti, aerodrom idarəçiliyi, logistika dəstəyi, informasiya texnologiyaları infrastrukturu, mühəndislik xidmətləri, nəqliyyat, meteoroloji təminat, insan resursları, fövqəladə hallar idarəçiliyi və yanğınsöndürmə xidmətləri daxil olmaqla 20-dən çox sahədə dəstək göstəriləcək.
Bundan əlavə, bazalarda yerləşən idman zalları, yeməkxanalar və ailə dəstək mərkəzləri kimi sosial obyektlərin idarə olunması da müqaviləyə daxil edilib. Layihədə “Akima Intra-Data”, “Akima Global Logistics”, “Alutiiq Operations Services”, “Bering Straits Management Services” və “Choctaw Defense Services” daxil olmaqla 19 şirkət iştirak edəcək.
ABŞ Hərbi Hava Qüvvələri müqavilənin ümumi yuxarı həddini 4 milyard dollar müəyyən etsə də, bu vəsaitin tam həcmdə xərclənməyəcəyini bildirib. Xidmət tələbatından asılı olaraq mərhələli şəkildə sifarişlər veriləcək və ödənişlər həyata keçiriləcək.
İlkin mərhələdə proqram üçün cəmi 47 min 500 dollar vəsait ayrıldığı açıqlanıb.
Sevinc Əliyeva
Ordu.az