" Pilot " sözünə uyğun nəticə tapıldı!

"Pilot" - (304 )

Pakistan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığına BAXIŞ (EKSPERT)

2019/12/12513-1577171579.jpg
Oxunub: 2212     15:00     26 Dekabr 2019    
Pakistan İslam Respublikası – Cənubi Asiya dövlətidir. Əhalisinin sayına görə dünyada 6-cı, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 1046 km-dir. Ölkə cənubdan Ərəb dənizi və Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunub. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir.

Ölkə etnik və dil baxımından müxtəlifdir. Eyni zamanda ölkənin coğrafiyası və təbiəti də müxtəlifdir. Dörd vilayət və dörd federal ərazidən ibarət olan federal ölkədir. Konstitusiyaya görə, bütün qanunların İslam qaydalarına uyğun olması əsas şərt hesab olunur.

Pakistan, Azərbaycanın ərazilərini işğal etdiyi üçün Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvüdür.


Pakistan Silahlı Qüvvələri

Pakistan Silahlı Qüvvələri – Pakistanı qorumaq məsuliyyəti daşıyır. Aktiv şəxsi heyət sayına görə dünyada 6-cı, müsəlman ölkələri arasında 1-ci yerdədir.

Pakistan Silahlı Qüvvələrinin 653,8 min əsgər və zabiti var.

Pakistan ordusu 2461 tank, 1605 zirehli transpartyor, 4472 artilleriya silahı, 243 helikopterdən ibarətdir. Pakistan Hərbi Hava Qüvvələri 425 təyyarədən, o cümlədən 153 döyüş ,10 kəşfiyyat, 35 təlim təyyarəsindən ibarətdir.

Pakistan ordusu müasir və formalaşdırılmış, peşəkar orduya malikdir.

Silahlı Qüvvələr aşağıdakı qoşun növlərindən ibarətdir:

- Quru Qoşunları,
- Hərbi Hava Qüvvələri,
- Hərbi Dəniz Qüvvələri,
- Sahil mühafizəsi.



Pakistan nüvə silahına malikdir. Ordunun ölkədə xüsusi mövqeyi var. Generallar mülki rəhbər vəzifələrə təyin olunur, ölkənin siyasi həyatında aktiv iştirak edir, dəfələrlə fövqəladə vəziyyət elan edərək höküməti nəzarət altına götürüblər.

1963-cü il Çin-Pakistan razılaşmasına əsasən, bu iki dövlət bir-biri ilə yaxın hərbi əlaqələrə malikdir. 2013-cü il hesablamalarına görə, Çin Pakistanı ən çox silah və texnika ilə təmin edən 2-ci ölkə hesab olunur. Hər iki ölkə həmçinin, bir-biri ilə nüvə enerjisi və aerokosmik texnologiyalar sahəsində də sıx əməkdaşlığa sahibdir. 2004-cü ildə Pakistana ABŞ-ın NATO-ya daxil olmayan ölkələr arasında əsas müttəfiqi statusu verilib. Pakistanı əsas hərbi məhsullarla təchiz edənlər də daxili təchizatçılardan sonra, Çin və ABŞ-dır.

Pakistan HHQ

Pakistan Hərbi Hava Qüvvələri – Pakistan Silahlı Qüvvələrinə tabe olan qoşun növüdür. Əsas vəzifəsi Pakistanın hava məkanını müdafiə etmək, döyüş şəraitində isə Silahlı Qüvvələrin digər qoşun növlərini hava dəstəyi ilə təmin etməkdir.


Haşiyə: Hərbi Hava Qüvvələri (HHQ) – Silahlı Qüvvələrin yüksək manevrli növü olaraq, düşmənin aviasiya, quru və dəniz qruplaşmalarının havadan məhv edilməsi üçün, dövlət və hərbi idarəetmə sistemləri obyektlərini, arxa cəbhə və iqtisadi potensiallı obyektlərini, nəqliyyat qovşaqlarını, Quru Qoşunlarının (QQ) və Hərbi Dəniz Qüvvələrinın (HDQ) aviasiya himayəsini, hava desantının çıxarılmasını, hava ilə qoşunların və maddi vasitələrin daşınmasını, hava kəşfiyyatının aparılması və digər tapşırıqları yerinə yetirmək üçün təyin olunub. Havada üstünlük qazanmaq üzrə həlledici rol onlara məxsusdur.

Aviasiya silahlı mübarizə vasitəsi kimi digər qoşun növlərindən fərqli olaraq xarakterik döyüş xüsusiyyətlərinə malikdir:

- aviasiya birləşmələri nüvə və adi silahların tətbiqi ilə döyüş fəaliyyətlərini apara bilər;
- aviasiya düşmən obyektlərini məhv etmək üçün uzaq məsafəli hərəkət vasitəsidir;
- aviasiya yüksək dəqiqlikdə və effektiv zərbələr vurmağa qadirdir;
- aviasiya sərbəst axtarış aparma və düşmənin aşkar olunmuş yerüstü, hava, suüstü, sualtı obyektlərini, əsasən də hərəkətli və kiçikölçülü, eləcə də çətin keçilən ərazi rayonlarındakı obyektlərini dərhal məhvetmə imkanına malikdir;
- aviasiya birləşmə və hissələri yüksək manevr qabiliyyətinə malikdir ki, bunlar da həlledici anda qüvvələrin ən mühüm istiqamətlərdə cəmləşdirməyə şərait yaradır;
- öz tərkibində nəqliyyat aviasiyasını birləşdirən HHQ, düşmən arxasına (geri bölgəsinə) Taktiki Hava Desantını (THD) çıxarmaq, eləcə də qoşunları, döyüş texnikasını və müxtəlif yükləri uzaq məsafələrə daşımaq imkanına malikdir;
- kəşfiyyat aviasiyası hissələrinin SQ növləri marağı baxımından hava kəşfiyyatını aparmaq imkanı var. Onlar qısa müddətdə böyük ərazini müşahidə edə, aşkar olunmuş obyektlərin koordinatlarını, yerini marağında olan qərargahlara real vaxt ərzində dərhal ötürə, eləcə də bu obyektlərin ən zəif nöqtələrinə zərbələr endirə bilər.

Təyinatını nəzərə alaraq, HHQ aşağıdakı əsas tapşırıqları həll edir:

1. Havada üstünlük qazanmaq;
2. QQ və HDQ aviasiya dəstəyi;
3. Düşmən ehtiyatları ilə mübarizə;
4. Qoşun qruplaşmalarının (qüvvələrin) və obyektlərin hava düşmənindən himayəsi;
5. Düşmənin hərbi-sənaye və enerji obyektlərinin, administrativ-siyasi mərkəzlərinin və rabitə qovşaqlarının məhvi;
6. THD-nin çıxarılması;
7. Hava kəşfiyyatının aparılması;
8. Düşmən qoşunlarının (qüvvələrinin) manevrinin və daşınmasının pozulması;
9. Öz qoşunlarımızın və maddi vasitələrin hava ilə daşınması.


Tapşırıqların həlli zamanı aviasiya hissə və birləşmələri aşağıdakı əsas prinsipləri rəhbər tutmalıdır:

- avasiyanın daimi yüksək hazırlığı bütün mürəkkəb şəraitlərdə, aviasiya hissə və bölmələrinin təyin olunmuş vaxtda, döyüş fəaliyyətlərinin mütəşəkkil hazırlığına və verilmiş tapşırıqları uğurla yerinə yetirməyə imkan verir;

- aviasiyanın müxtəlif məhvetmə vasitələri ilə döyüş fəaliyyətlərini yerinə yetirmə qabiliyyəti, avasiya hissə və bölmələrinin geniş əhatəli tapşırıqları havada müxtəlif obyektləri məhv etmək üçün, eləcə də yerdə və dənizdə tətbiqinə imkan verir;

- avasiya başlıca tapşırıqların yerinə yetirilməsi üçün ən mühüm istiqamətlərdə, həlledici anlarda əsas qüvvələrinin cəmləşməsi, düşmən üzərində üstünlüyə, onu verilmiş tapşırıqları yerinə yetirən zaman çıxılmaz vəziyyətlərə salmağa imkan verir;

- fəaliyyətlərin aktivliyi, qərarlılığı, qəfilliyi şəraitin dəyişməsinə vaxtında reaksiya verərək üstünlük qazanmağa və təşəbbüsü əldə saxlamağa imkan verir;

- avasiya birləşmə və hissələrinin vaxtında manevr etməsi, lazımi aviasiya qruplaşmaları yaratmağa, onu düşmən zərbələrinin altından çıxarmağa imkan verir. Bu prinsip aerodrom manevrinin, məhv etmə vasitələrinin düzgün seçilməsini, fəaliyyət qaydalarını, taktiki fəndlərin və döyüş fəaliyyətlərinin təminatı üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur;

- avasiyanın mərkəzləşdirilmiş idarə edilməsi, aviasiya birləşmə və hissələrinin idarə olunmasının bir komandirin əlində cəmləşməsinə, əsas istiqamətlərdə qüvvələrin vaxtında artırılmasına, hava fəaliyyətlərinin düzgün tənzimlənməsinin təminatına, döyüş fəaliyyətləri zolağında (rayonunda) uçuşlarının təhlükəsizliyinin təminatına imkan verir;

- avasiya hissə və bölmələrinin döyüş fəaliyyətlərinin hərtərəfli təminatı avasiyanın yüksək effektivliklə və minimal itki ilə döyüş tapşırıqlarını yerinə yetirmək üçün lazımi şərait yaratmağa imkan verir;

- avasiya qüvvə və vasitələrinin qənaətliliyi, onun məsrəfinin verilmiş nəticənin əldə edilməsi tələbatı ilə uyğunluqdan ibarətdir. Bu, zərbə və təminat qüvvələrinin düzgün təyin edilməsi ilə, effektiv məhvetmə vasitələrinin tətbiqi ilə, taktiki fəndlərin və döyüş fəaliyyətlərinin qaydaları ilə, avasiya növlərinin təyinatına uyğun tətbiqi ilə əldə edilir;

- döyüş fəaliyyətlərinin fasiləsizliyi, avasiyanın döyüş fəaliyyətlərinin gündüz, gecə və mürəkkəb hava şəraitlərində aparmasına hazırlığından ibarətdir. Bu prinsip qüvvə və vasitələrin məqsədəuyğun bölünməsi ilə, uçuş heyətinin yüksək hazırlığı ilə, ehtiyatların mövcudluğu və aviasiya hissələrinin şəxsi heyətlə vaxtında komplektləşdirilməsi ilə, aviasiya texnikası ilə, məhvetmə vasitələri ilə, maddi vasitələrilə, avasiya hissələrinin döyüş qabiliyyətinin tez bərpası ilə əldə edilir;

- hərtərəfli qeydiyyat (uçot), mənəvi və psixoloji amillərdən istifadə şəxsi heyətdə, əsasən uçuş heyətində, yüksək döyüş ruhunun saxlanmasına imkan verir. Bu, aviasiyanın müvəffəqiyyətli döyüş hərəkətlərinin mühüm şərtidir.



Pakistan Hərbi Hava Qüvvələrinin əməliyyat komandanlığı aşağıdakı idarələrdən ibarətdir:

- administrasiya idarəsi;
- əməliyyat idarəsi;
- təmir idarəsi;
- radio-elektron idarəsi.


Eyni zamanda iki qeyri-əməliyyat idarələri var:

- kəşfiyyat idarəsi;
- ictimai əlaqələr idarəsi.


Uçuş əməliyyatları ölkənin müxtəlif yerlərində yerləşən əməliyyat, təlim və təmir bazalarından həyata keçirilir. Hər bir bazaya baza komaniri rəhbərlik edir və həmin bazanın döyüşə hazırlığına və yüksək döyüş qabiliyyətinə cavabdehdir.

Pakistan HHQ-nin aktiv şəxsi heyəti 65000 nəfər (3 min nəfəri pilot olmaqla), ehtiyat qüvvələrinin sayı 10000 nəfərdir.

1947-ci ildə əsası qoyulan HHQ indiyə qədər bir çox döyüş əməliyyatlarında iştirak edib. Pakistan Konstitusiyasının 243-cü maddəsinə görə, Hərbi Hava Qüvvələrinin mülki komandanı Pakistan prezidentidir. HHQ komandanı baş nazir tərəfindən təsdiq olunduqdan sonra ölkə prezidenti tərəfindən təyin olunur. HHQ komandanı marşaldır.


“GlobalPower” ən güclü Hərbi Hava Qüvvələrinə malik olan ölkələrin siyahısını hazırlayıb:

1. ABŞ - 13 398
2. Rusiya - 4078
3. Çin - 3187
4. Hindistan - 2082
5. Cənubi Koreya - 1,614
6. Yaponiya - 1572
7. Pakistan - 1342
8. Fransa - 1248
9. Misir - 1092
10. Türkiyə - 1067

Qeyd edək ki, siyahı döyüş və təlim təyyarələri, helikopter sayı, bombardımançı təyyarə və hərbi büdcə nəzərə alınaraq hazırlanıb. Amma hazırlığına və döyüş qabiliyyətinə görə Pakistan HHQ bir çox ölkələrdən, o cümlədən Hindistandan güclü hesab olunur.

Bir çox ölkələrin Silahlı Qüvvələrinin təchizatına daha müasir HHM vasitələri daxil olmaqda davam edir. Pakistan Silahlı Qüvvələrinin, o cümlədən HHQ-nin texniki imkanları, döyüş qabiliyyəti, döyüş hazırlığı və pilotların peşəkarlığı müasir HHM texnikası və silahları ilə mübarizədə yüksəkdir və çoxillik təcrübəyə malikdir.

Pakistan HHQ-nin döyüş hazırlığı

Pakistan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının əsasını uçuş heyətinin hazırlığı təşkil edir.

Qısa müddətdə hava hədəflərinə və düşmənin HHM qüvvələrinə qarşı adekvat fəaliyyətlərin təşkili döyüş hazırlığının gedişində prioritet məqsədlərdən biridir.


Uçuş hazırlığı aviasiya hissələrində xüsusi hazırlığın əsas növüdür. Yerinə yetirilən əsas tapşırıqlar – uçuş zamanı yanacaqla doldurma, uçuş aparatlarının müxtəlif şəraitlərdə idarə olunması, aviasiya bölmə və hissələrinin öz aralarında və digər qoşun növləri ilə uzlaşmış fəaliyyəti və digərləridir.

Uçuş hazırlığının əsas fəaliyyətləri bunlardır:

- təlimatçı ilə birgə təlim-məşq uçuşu;
- qrup tərkibində, təyin olunmuş marşrut üzrə uçuş;
- hava təlim tapşırıqlarının yerinə yetirilməsi;
- hava hədəflərinə atış;
- təlim bombaatması;
- təlim hava döyüşü;
- yerüstü hədəflərə təlim hücumu;
- havada yanacaqla doldurma və başqaları.


Çin və Pakistan ikitərəfli əməkdaşlıq çərçivəsində illik tədbirlər planlarında birgə təlimlər planlaşdırılır və təlimlər çox sayda hava vasitələrinin cəlb olunması ilə keçirilir. Bu təlimlər hər iki tərəfin qüvvələrinin döyüş şəraitinə yaxınlaşdırılmış şərtlərdə birgə fəaliyyətinin uzlaşması, uçuş və təminat heyətlərinin peşəkar hazırlığı, təcrübə mübadiləsi cəhətdən çox faydalıdır.


Türkiyə və Pakistan birgə təlimlərinin, Pakistan HHQ-nin hazırlığında öz rolu var. Bu təlimlər, döyüş heyətləri və yerüstü texniki heyətlərin peşəkar hazırlığında təcrübə mübadiləsi, qarşılıqlı əlaqə suallarının işlənməsi, gələcək münaqişələrdə HHQ-nin döyüş tapşırıqlarını müvəfəqiyyətlə yerinə yetirməsi vərdişlərini təkmilləşdirir.

HHQ-nin hazırlığında ABŞ əhəmiyyətli rol oynayır. Buraya kadr hazırlığı, texniki dəstək, birgə təlimlər, təcrübə mübadiləsi və digər çoxsaylı əməkdaşlıq tədbirləri daxildir.

Müxtəlif ölkələrin, o cümlədən ABŞ, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Pakistanın HHQ-lərinin birgə təliminin keçirilməsi hava qüvvələrinin texniki və döyüş imkanları, hazırlığının təşkili məsələlərində inkşaf etmiş ölkələrin standartlarına uyğun olmasının göstəricisidir.

Azərbaycan və Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq

Pakistan və Azərbaycan Respublikası Silahlı Qüvvələri arasında ikitərəfli əməkdaşıq uzun müddətdir mövcuddur və daim inkişaf edir. Bu əməkdaşlıq hər iki tərəfin maraqlarına xidmət edir. Hazırda dünyanın 40-a yaxın ölkəsi ilə Azərbaycan Respublikası arasında ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir. Pakistanla olan əməkdaşlıq onların ən fəalarından biridir.

İkitərəfli hərbi əməkdaşlıq aşağıdakı üsullarla həyata keçirilir:


1. Silahlı Qüvvələrlə əməkdaşlıq - Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə Pakistanın Silahlı Qüvvələri və digər güc strukturları arasında həyata keçirilir. İllik ikitərəfli hərbi əməkdaşlıq planı hazırlanır, imzalanır və həyata keçirilir.

2. Strateji hərbi əməkdaşlıq – Azərbaycan Respublikası ilə Pakistan arasında müdafiə sahəsində, əməkdaşlıq hədəflərinə əlavə olaraq aşağıdakılara nail olunması üçün ən yüksək səviyyədə həyata keçirilir:

- tərəflərin maraqlarının bütün platformalarda qarşılıqlı müdafiəsi;
- təhlükəsizliklə əlaqədar ortaya çıxan potensial təhdidləri müəyyən etmək və onlara qarşı mübarizə aparmaq üçün birgə fəaliyyət;
- dünyada və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına birgə töhfə vermək;
- müdafiə sənayesi və texnologiya bazasını inkişaf etdirmək üçün birlikdə işləmək, təchizat və texnologiyaların əldə edilməsi üzrə birgə layihələrin həyata keçirilməsi;
- birgə təlimlərin keçirilməsi;
- tərəflər arasında hərbi-siyasi məsləhətləşmələr aparmaq, qarşılıqlı maraqları təşviq etmək üçün müştərək maraq sahələrini araşdırmaq, müzakirə etmək, qəbul edilən müştərək qərarların icra vəziyyətini nəzərdən keçirmək üçün Yüksək Səviyyəli İclas və görüşlərin keçirilməsi;
- kadr mübadiləsi (mütəxəssis, qərargah zabiti, müəllim və s.);
- məlumat mübadiləsi.

Pakistan və Azərbaycan Hərbi Hava Qüvvələri bütün sahələrdə səmərəli əməkdaşlığı, o cümlədən təcrübə mübadiləsi, sərgilərdə, bütün növ təlimlərdə iştirak, qarşılıqlı səfərlər və hər iki tərəfin bir-birinə dəstəyi daha da inkişaf edir.

Nəticə:


1. İşğal altında olan torpaqların azad olunması üçün ordu quruculuğunun əsas elementlərindən biri də yüksən döyüş qabiliyyətli HHQ-yə malik olmaqdır. Bəzi ölkələrin HHM sisteminə daxil olan yeni nəsil silah komplekslərinin texniki imkanlarını və döyüş qabiliyyətini nəzərə alaraq HHQ-nin təchizatında olan vasitələrin yenilənməsi və ya təkmilləşdirilməsinə ehtiyac var. Bu məqsədlə ikitərəfli əməkdaşlıq əsasında dost ölkələrin, o cümlədən Pakistan HHQ-nin imkanlarından istifadə etmək məsələlərinin araşdırılması və müzakirəsi məqsədəuyğundur.

2. Düşmən HHM-nə qarşı mübarizədə HHQ ilə digər qoşun növlərinin, əsasən də Raket və Artilleriya, Kəşfiyyat, Rabitə və digər qoşunların birgə fəaliyyətinin əsasları hazırlanmalı, təlimatlar və digər rəhbər sənərlərə əlavələr olunmalı, gündəlik döyüş hazırlığının təşkilində və eləcə də bütün növ təlimlərdə birgə tapşırıqların yerinə yetirilməsi fəaliyyətləri məşq etdirilərək yoxlanılmalıdır.

3. Region və dünya ölkələrinin HHM qoşunlarının döyüş imkanlarının nəzərə alınması ilə Azərbaycan HHQ-nin döyüş qabiliyyətinin artırılması və döyüş hazırlığının məqsədyönlü təşkili məqsədi ilə müvafiq simulyasiya avadanlıqlarının alınması və yerli istehsal hesabına təchiz edilməsi imkanlarına baxılması, bu fəaliyyətdə Pakistan HHQ-nin imkanlarından və təcrübəsindən istifadə edilməsi faydalı olar.

Qeyd: Məqalədə toxunulmuş faktlar, fəaliyyətlər və tövsiyələr KİV-lərə əsasən tərtib olunduğundan, HHQ və HHM mütəxəssisləri tərəfindən əlavə araşdırılma və təkmilləşdirilməsi məqsədəuyğundur.

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   HHQ   Döyüş-hazırlığı