Naxçıvanda şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib - FOTOLAR

2026/06/84482-1781105572.jpg
Oxunub: 205     19:32     10 İyun 2026    
Naxçıvan Muxtar Respublikasında Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn baş leytenant Sahil Məmmədov, leytenant Ənvər Əliyev və gizir Ümid Novruzlunun əziz xatirələrinə həsr olunmuş anım tədbirləri keçirilib.

Tədbirlərdə icra hakimiyyətlərinin, Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, şəhid ailələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhidlərimizin məzarları ziyarət edilərək üzərinə gül dəstələri düzülüb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə çıxış edənlər şəhidlərimizin həyat və xidmət yolundan, döyüş əməliyyatları zamanı göstərdikləri şücaət nümunələrindən bəhs edərək, onların igidliyinin gənc nəsil üçün nümunə olduğunu vurğulayıblar. Qeyd olunub ki, xalqımız və dövlətimiz şəhidlərimizin xatirəsini daim uca tutur və onların göstərdikləri qəhrəmanlıqlar gənc nəsillərə örnəkdir. Vurğulanıb ki, qəhrəman Azərbaycan oğulları öz canları bahasına torpaqlarımızın azadlığını təmin edərək xalqımıza qələbə sevincini yaşadıblar.

Şəhidlərimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirlərin bədii hissəsində vətənpərvərlik ruhunda şeirlər səsləndirilib və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.


* * *

Baş leytenant Sahil Məmmədov 1991-ci ildə Babək rayonunun Qaraçuq kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından qəlbində alovlanan hərb sənəti sevgisi onu addım-addım zirvəyə doğru aparıb. O, əvvəlcə Heydər Əliyev adına Hərbi Liseydə, daha sonra isə indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alaraq hərbi sirlərə dərindən yiyələnib. Təhsilini uğurla başa vuraraq “leytenant” rütbəsi ilə xidmətə başlayıb. Sahil nizam-intizamı və peşəkarlığı ilə seçilib. O, sağlığında bir sıra medallar ilə təltif edilib.

2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı onun ömrünün ən mühüm sınağı və şərəf silsiləsi olub. Vətən müharibəsinin ilk günündən ön cəbhəyə atılan Sahil torpaqlarımızın azadlığı uğrunda gedən ağır döyüşlərdə şəxsi heyətə rəhbərlik edib.

Sahil Məmmədov sentyabrın 28-də Murovdağ silsiləsində düşmən tərəfin hücumunun qarşısını kəsərkən şəhidlik zirvəsinə ucalıb. Bu gün ondan geriyə bütöv bir xalqın qürur mənbəyi olan şərəfli bir ad və Vətənə əmanət bir qız övladı yadigar qalıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda döyüş tapşırıqlarını şərəflə, qorxmadan yerinə yetirdiyinə görə baş leytenant Sahil Məmmədov dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra yüksək dövlət təltiflərinə - "Azərbaycan Bayrağı" ordeninə, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülüb.

* * *

Şəhid leytenant Ənvər Əliyev 4 iyun 1997-ci ildə Şərur rayonunun Axaməd kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Heydər Əliyev adına Hərbi Liseydə, daha sonra isə Türkiyə Respublikasının Quru Qoşunları Ali Hərbi Məktəbində və indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb.

Azərbaycan Ordusunun zabiti kimi leytenant Ənvər Əliyev Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, Suqovuşan istiqamətində gedən döyüşlərdə igidlik və peşəkarlıq nümayiş etdirib. 2020-ci il oktyabrın 15-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şərur şəhər Şəhidlər xiyabanında dəfn edilən Ənvər Əliyev göstərdiyi şücaətə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

* * *

Gizir Ümid Novruzlu 7 iyun 1992-ci ildə Babək rayonunda doğulub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Vətən sevgisi onu yenidən ordu sıralarına qaytarıb və o, 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.

Gizir Ümid Novruzlu Vətən müharibəsində Şuşa istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət göstərərək şəhadət zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.






Bəxtiyar Əliyev, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin