TUSAŞ KAAN və KIZILELMA üçün süni zəka mesajı verib

2026/06/1780666424.jpg
Oxunub: 286     17:35     05 İyun 2026    
TUSAŞ rəsmisi müdafiə və aviasiya sahəsində süni zəkanın artıq eksperimental texnologiya deyil, əsas investisiya istiqamətinə çevrildiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə TUSAŞ-ın Rəqəmsal Transformasiya üzrə baş direktor müavini Yavuz Əmir Beyribəy “AI Tomorrow Summit 2026” tədbirində çıxışı zamanı danışıb.

“Aviasiya Sektorunda Süni Zəka” adlı paneldə çıxış edən Beyribəy qeyd edib ki, süni zəka artıq müdafiə sənayesində gələcək proqnozu deyil, qəbul edilmiş reallıqdır.

Onun sözlərinə görə, PUA-lar artıq avtonom tapşırıqları yerinə yetirə bilir və süni zəka dəstəkli sistemlər vasitəsilə yeni imkanlar yaradılır. Beyribəy vurğulayıb ki, süni zəka yalnız platformalara inteqrasiya edilən texnologiya kimi deyil, bütün şirkət üzrə tətbiq olunan yanaşma kimi qiymətləndirilir.

TUSAŞ-ın süni zəka strategiyasının qərar üstünlüyü, avtonomluq, korporativ zəka və müstəqil süni zəka olmaqla dörd əsas istiqamət üzərində qurulduğunu bildirən Beyribəy verilənlərə əsaslanan qərar qəbuletmə proseslərinin əhəmiyyətini qeyd edib.

O bildirib ki, hava platformaları tapşırıqlar zamanı böyük həcmdə məlumat yaradır. Sensorlar saniyədə təxminən 3 min dəfə məlumat ötürür.

Beyribəyin sözlərinə görə, bir saatlıq uçuş zamanı təxminən 10 terabayt telemetriya məlumatı formalaşır. Böyük məlumat infrastrukturu və süni zəka alqoritmləri sayəsində bu məlumatlar təhlil olunur, platformaların texniki vəziyyəti izlənilir və əməliyyat riskləri əvvəlcədən müəyyən edilir.

TUSAŞ rəsmisi əlavə edib ki, Milli Döyüş Təyyarəsi KAAN başda olmaqla ANKA və KIZILELMA platformalarını əhatə edən pilotlu və pilotsuz sistemlərin birgə fəaliyyəti üzərində iş aparılır.

Onun sözlərinə görə, sahədən əldə edilən kəşfiyyat məlumatları, radar göstəriciləri və görüntülər süni zəka sistemləri vasitəsilə emal edilir və döyüş qərarlarının qəbuluna dəstək verən infrastruktur yaradılır.

Beyribəy müdafiə sənayesində səhvə yer olmadığını vurğulayaraq süni zəka sistemlərinin etibarlılığının həlledici əhəmiyyət daşıdığını bildirib. “Süni zəkanız müharibə zamanı düzgün işləməzsə, torpaq itirə bilərsiniz. 100 milyon dollarlıq təyyarəni itirə bilərsiniz. Müharibəni uduza bilərsiniz. Bizim belə bir risk götürmək imkanımız yoxdur”, - deyə o qeyd edib.

Beyribəy bildirib ki, TUSAŞ süni zəka sahəsində fəaliyyətində ilk növbədə dəqiqlik və etibarlılığa üstünlük verir. Onun sözlərinə görə, süni zəka artıq şirkət üçün eksperimental istiqamət deyil, aviasiya və müdafiə sahəsində əsas investisiya sahəsinə çevrilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   KAAN   KIZILELMA  


Bizi "telegram"da izləyin