Ağ Ev: Tramp İranla yalnız öz “qırmızı xətləri”nə uyğun saziş bağlayacaq

2026/05/1780119567.jpg
Oxunub: 562     09:36     30 May 2026    
ABŞ Prezidenti Donald Tramp İranla sülh sazişini yalnız bütün şərtlərinə cavab verdiyi təqdirdə imzalayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi AFP agentliyinə İranla münaqişənin mümkün nizamlanması ətrafında davam edən müzakirələr fonunda açıqlama verib.

Daha əvvəl Ağ Ev Trampın potensial sazişlə bağlı qərar qəbul etməyə yaxın olduğunu bildirmişdi. Lakin Tehran müharibənin dayandırılması ilə bağlı yekun razılığın hələ əldə olunmadığını bəyan edib.

ABŞ mənbələrinin məlumatına görə, saziş layihəsi artıq bir neçə həftə davam edən mürəkkəb danışıqlardan sonra ABŞ Prezidentinin yekun təsdiqini gözləyir. Tramp cümə günü Ağ Evin Situasiya Otağında iki saat davam edən müşavirə keçirib, lakin yekun qərar qəbul olunmayıb.

“Prezident Tramp yalnız Amerikanın maraqlarına cavab verən və onun “qırmızı xətləri”nə uyğun olan sazişi imzalayacaq”, - deyə Ağ Evin nümayəndəsi bildirib. O, həmçinin vurğulayıb ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır.

Tramp sosial şəbəkədəki paylaşımında Vaşinqtonun əsas tələblərini bir daha təkrarlayıb. Bunlar İranın nüvə silahı hazırlamaqdan imtina etməsi və Hörmüz boğazında tam gəmiçilik fəaliyyətinin bərpasıdır.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi isə bu cür ritorikanı rədd edib. O bildirib ki, tərəflər arasında mesaj mübadiləsi davam edir, lakin hələlik yekun razılaşma əldə olunmayıb.

Tramp həmçinin iddia edib ki, saziş çərçivəsində İran Hörmüz boğazında yerləşdirdiyi dəniz minalarını çıxarmalı və su yolunu heç bir ödəniş tələb etmədən açmalıdır. Onun sözlərinə görə, bunun müqabilində ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldıracaq.

ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton və Tehran İranın zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması və məhv edilməsi ilə bağlı fəaliyyətləri koordinasiya edəcəklər. O bildirib ki, hazırkı mərhələdə tərəflər arasında maliyyə vəsaitlərinin mübadiləsi nəzərdə tutulmur.

Lakin İranın Fars agentliyi mənbələrə istinadən ABŞ Prezidentinin bir sıra açıqlamalarını şübhə altına alıb.

Agentliyin məlumatına görə, İran danışıqların növbəti mərhələsinə keçməzdən əvvəl dondurulmuş İran aktivlərindən 12 milyard dolların dərhal azad edilməsini tələb edir.

Mənbələr həmçinin bildiriblər ki, saziş mətnində Hörmüz boğazından ödənişsiz keçidlə bağlı heç bir müddəa yoxdur. Onlar İranın zənginləşdirilmiş uran ehtiyatlarının məhv ediləcəyi barədə bəyanatları da əsassız adlandırıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin