Taqanroq limanı PUA-ların hücumuna məruz qalıb

2026/05/1780119163.jpg
Oxunub: 439     09:24     30 May 2026    
Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində liman pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Ordu.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar özünün “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində tanker, yanacaq rezervuarı və inzibati bina yanmağa başlayıb.

Slyusar bildirib ki, gecə saatlarında həyata keçirilən hava hücumu nəticəsində mülki şəxslər də zərər çəkiblər.

İlkin məlumata görə, pilotsuz uçuş aparatının fərdi yaşayış evinə düşməsi nəticəsində iki nəfər yaralanıb.

Qubernator qeyd edib ki, Rostov vilayətinə qarşı hava hücumunun dəf edilməsi zamanı Taqanroq şəhərində, eləcə də Çertkovo, Matveyev-Kurqan və Neklinov rayonlarında pilotsuz uçuş aparatları məhv edilib.

Matveyev-Kurqan rayonunun Qrekovo-Timofeyevka kəndində pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində evdə qaz borusu yanıb, dam örtüyü və pəncərələr zədələnib.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Sakinlər təxliyə olunub və ərazidə fövqəladə xidmətlər fəaliyyət göstərir.

Slyusar əlavə edib ki, Neklinov rayonunun Botsmanovo kəndində də iki evin şüşələri zədələnib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taqanroq   PUA  


Bizi "telegram"da izləyin