Ordu.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi məsələ ilə bağlı açıqlama verib.
O bildirib ki, bu reaksiyalar təəssüf doğurur, çünki son bir il yarım ərzində iki ölkə arasında formalaşmış müsbət tendensiyaya ziddir.
Tixinin sözlərinə görə, tərəflər bu müddət ərzində “mürəkkəb tarixi keçmişlə bağlı məsələlərin həlli, dialoq və qarşılıqlı anlaşmanın qurulması” üçün böyük səylər göstəriblər.
“Tariximiz göstərir ki, ukraynalılarla polyaklar arasındakı mübahisələrdən yalnız Moskva qazanır”, - deyə Tixi vurğulayıb.
O qeyd edib ki, həmin bölmənin hərbçilərinin “dost Polşa xalqını təhqir etmək” niyyəti olmayıb.
Tixinin sözlərinə görə, onlar üçün “Ukrayna Üsyançılar Ordusu” yalnız Moskvanın imperial siyasətinə qarşı müqavimətin simvoludur və heç bir halda polyaklara qarşı yönəlməyib.
“Keçmişlə bağlı mübahisələrin Polşanın dəstəyi ilə Rusiyanın təcavüzünü dəf edən Ukraynanın ortaq düşmən qarşısında müqavimətini sarsıtmasına imkan verə bilmərik”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ordusunun bölmələrindən birinə “Ukrayna Üsyançılar Ordusunun Qəhrəmanları” adını verib.
Zelenski bildirib ki, bu qərar milli ordunun tarixi ənənələrinin bərpası məqsədilə qəbul edilib.
Polşa mediasının yazdığına görə, “Ukrayna Üsyançılar Ordusu” 1943-cü ilin iyulunda keçmiş Volın voyevodalığında yerləşən, əsasən polyakların yaşadığı təxminən 150 yaşayış məntəqəsinə koordinasiyalı hücum həyata keçirib.
Söhbət hazırkı Ukrayna ərazisində yerləşən Vladimir, Qoroxov, Kovel və Lutsk bölgələrindən gedir.
Polşa mediası qeyd edir ki, uzun illər ərzində Polşa və Ukrayna millətçilərin və üsyançıların fəaliyyətinə fərqli qiymət verib.
Polşa Volın hadisələrini soyqırımı kimi qiymətləndirdiyi halda, Ukrayna tərəfi bunu hər iki tərəfin məsuliyyət daşıdığı simmetrik silahlı münaqişənin nəticəsi hesab edir.
Bundan əlavə, ukraynalılar “Ukrayna Millətçiləri Təşkilatı”nı və “Ukrayna Üsyançılar Ordusu”nu ümumilikdə antisovet təşkilatları kimi qəbul edir, onları antipolşa təşkilatları hesab etmirlər.
Polşa Prezidenti Karol Navrotskinin sözlərinə görə, Zelenskinin bu qərarı Ukraynanın Avropa ailəsinin üzvü olmağa hazır olmadığını göstərir.
Polşa mediasının məlumatına əsasən, Navrotski Zelenskinin 2023-cü ildə Polşanın keçmiş Prezidenti Anjey Duda tərəfindən təqdim edilmiş “Ağ Qartal” ordenindən məhrum edilməsini istəyir.
Məsələ ilə bağlı Polşanın Baş naziri Donald Tusk da açıqlama verib.
Tusk bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ordunun bölmələrindən birinə “Ukrayna Üsyançılar Ordusunun Qəhrəmanları” adının verilməsi barədə qərarı Polşa cəmiyyətinin tarixi hisslərinə toxunur və tarixi fikir ayrılıqlarını daha da dərinləşdirə bilər.
Sevinc Əliyeva
Ordu.az