T-GENOX və T-FILLOX 60 kiloqram çəkisi ilə rəqiblərinə üstünlük qazandırır

2026/05/Ekran-1780115167.jpg
Oxunub: 462     08:23     30 May 2026    
“NESA Aviasiya” şirkətinin baş direktoru Nəbi Ərdəm bildirib ki, şirkətin sahə şəraitində istifadə üçün nəzərdə tutulmuş T-GENOX və T-FILLOX oksigen istehsalı sistemləri 150 kiloqram ağırlığında olan Avropa analoqları ilə müqayisədə cəmi 60 kiloqram çəkiyə malikdir və iki hərbçi tərəfindən rahatlıqla daşına bilir.

Ordu.az xəbər verir ki, “NESA Aviasiya”nın baş direktoru Nəbi Ərdəm EFES 2026 təlimi çərçivəsində “Defensehere.com”a müsahibəsində mühüm açıqlamalar verib.

Ərdəm bildirib ki, təlim sahəsinə T-GENOX və T-FILLOX məhsulları gətirilib.

“Bunlar sahədə oksigen istehsalı və doldurma sistemləridir. Əslində burada əməliyyatlar zamanı ehtiyac duyulan sistemlər məhz bunlardır”, - deyə o qeyd edib.

Nəbi Ərdəm ümid etdiyini bildirib ki, sistemlər bu il ərzində silahlanmaya qəbul ediləcək və aktiv istifadəsini birbaşa əməliyyat sahələrində görmək mümkün olacaq.

Onun sözlərinə görə, T-GENOX sistemi portativ şəkildə sahədə oksigen istehsal etməyə imkan verən məhsuldur.

Ərdəm vurğulayıb ki, bu sistemlər hərbi xəstəxanalarda, səhra xəstəxanalarında, gəmilərdə, əməliyyat zonalarında və təbii fəlakət bölgələrində istifadə oluna bilər.

“Sistem atmosferdən aldığı havanı süzgəcdən keçirərək ayırır və yüksək təmizlik dərəcəsinə malik tibbi oksigen istehsal edir”, - deyə o bildirib.

“Avropa analoqlarını çəki baxımından xeyli geridə qoymuşuq”

Nəbi Ərdəm sərgidə və təlim zamanı məhsullara göstərilən marağın yüksək olduğunu qeyd edib.

O bildirib ki, şirkət artıq müxtəlif tərəflərlə danışıqlar aparır və tədbir çərçivəsində də əlaqədə olduqları şəxslər və aidiyyəti qurumlarla görüşmək, məhsulları nümayiş etdirmək və təqdimat keçirmək imkanı əldə edib.

Ərdəm qeyd edib ki, bu sistemlərin yaxın zamanda silahlanmada yer alacağına inanır.

“Biz artıq onların təlimlərdə və əməliyyat sahələrində istifadəsini görürük. Məhsula ciddi maraq var. Bu, sahədə ehtiyac duyulan və tələb olunan məhsul idi”, - deyə o vurğulayıb.

Nəbi Ərdəm xüsusi olaraq qeyd edib ki, sistemlər yalnız oksigen istehsal etmir, eyni zamanda oksigen doldurulmasını da təmin edir.

“Sistemdən istifadə etmədiyiniz zaman istehsal etdiyiniz oksigeni yüksək təzyiqli çənlərə doldura bilərsiniz”, - deyə o bildirib.

Ərdəm sistemin əsas üstünlüklərindən birinin çəkisi olduğunu vurğulayıb.

“İmkanlarına görə Avropa analoqları təxminən 150 kiloqram ağırlığında olduğu halda, bu sistemlərin çəkisi 60 kiloqramdan azdır. Onlar tamamilə portativdir, iki hərbçi tərəfindən rahatlıqla daşına bilir, çöl şəraitinə uyğunlaşdırılıb və hərbi standartlara uyğun şəkildə hazırlanıb”, - deyə Nəbi Ərdəm əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: T-GENOX   T-FILLOX  


Bizi "telegram"da izləyin