Rumıniya PUA insidentindən sonra NATO-dan hava hücumundan müdafiə vasitələrinin təchizatını sürətləndirməyi istəyəcək

2026/05/1780113979.jpg
Oxunub: 496     08:04     30 May 2026    
Rumıniya yaşayış evinə düşən Rusiya pilotsuz uçuş aparatından sonra NATO-ya müraciət edərək hava hücumundan müdafiə vasitələrinin təchizatının sürətləndirilməsini istəyəcək.

Ordu.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoyu “Politico” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, baş verən hadisə “hava məkanının qəbuledilməz və açıq şəkildə pozulmasıdır”.

Nazir qeyd edib ki, Buxarestdə hadisəyə səbəb olan aparatın məhz Rusiya pilotsuz uçuş aparatı olduğu təsdiqlənib.

Tsoyu bildirib ki, NATO-nun Avropadakı qüvvələrinin ali baş komandanı, ABŞ Silahlı Qüvvələrinin generalı Aleksus Qrinkeviç daha əvvəl Rumıniyanın ölkəyə hərbi texnika yerləşdirilməsi ilə bağlı təkliflərini dəstəkləyib.

Nazirin sözlərinə görə, indi Buxarest həmin təchizatların sürətləndirilməsinə nail olmağa çalışacaq.

Bununla yanaşı, Rumıniya hələlik NATO-nun müttəfiqlər arasında təcili məsləhətləşmələri nəzərdə tutan 4-cü maddəsini işə salmağı planlaşdırmır.

Paralel olaraq Buxarest diplomatik addımlar da atır.

Rumıniya Prezidenti Nikuşor Danın təsdiqlədiyi məlumata görə, Konstansadakı Rusiya Baş Konsulluğu bağlanacaq, baş konsul isə ölkədən çıxarılacaq.

Hadisə gecə saatlarında pilotsuz uçuş aparatının Rumıniya hava məkanına daxil olaraq Ukrayna sərhədi yaxınlığında yerləşən Qalas şəhərində yaşayış evlərindən birinin damına düşməsi nəticəsində baş verib.

Nəticədə yanğın yaranıb və iki nəfər yaralanıb.

Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz uçuş aparatı sərhədi Ukrayna tərəfindən keçib. Həmin vaxt Rusiya Ukraynada mülki və infrastruktur obyektlərinə zərbələr endirirdi.

Genişmiqyaslı müharibənin başlanmasından etibarən Rumıniya hava məkanının azı 25 dəfə pozulduğunu qeydə alıb. Onlardan yeddisi yalnız cari ildə baş verib.

Hadisə zamanı iki ədəd F-16 qırıcısı havaya qaldırılsa da, yaşayış məntəqəsinə zərbə vurulması riskinə görə pilotsuz uçuş aparatına atəş açılmayıb.

NATO isə oxşar təhdidlərin aşkarlanması və məhv edilməsi imkanlarının gücləndirilməsi üçün əlavə tədbirləri nəzərdən keçirdiyini açıqlayıb.

Bunlara Rumıniyanın pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün nəzərdə tutulan MEROPS sisteminin NATO komandanlığına daxil edilməsi ehtimalı da daxildir.

Rumıniya hakimiyyəti yaxın günlərdə keçiriləcək NATO səfirlərinin görüşlərində alyansın şərq cinahında çəkindirmə və müdafiə imkanlarının gücləndirilməsi məsələsini də müzakirəyə çıxarmağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   PUA   NATO  


Bizi "telegram"da izləyin