Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti Korrupsiyanın Qarşısının Alınması Komissiyasının 20-22 may tarixlərini əhatə edən hesabatına istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, “Vətəndaş Müqaviləsi” partiyası 191 nəfərdən ümumilikdə 85 milyon 476 min 600 dram ianə alıb. Bundan əlavə, partiyanın hesabına üzvlük haqları və dövlət maliyyələşməsi daxil olub.
“Partiyanın xərcləri isə 120 milyon 337 min 160 dram təşkil edib. Vəsaitin əsas hissəsi seçki fonduna köçürülüb. Maliyyə dövriyyəsinə görə ikinci yerdə “Güclü Ermənistan” alyansı qərarlaşıb. Alyans 43 nəfərdən 168 milyon 870 min dram ianə qəbul edib. Xərclər arasında xidmət haqları, reklam ödənişləri, sığorta xərcləri və seçki fonduna 160 milyon dram köçürmə yer alıb.
“Çiçəklənən Ermənistan” Partiyası isə 18 milyon dram ianə və dövlət maliyyələşməsi əldə edib. Partiya vəsaitin böyük hissəsini seçki fonduna yönəldib, qalan hissəsi isə çap xərclərinə sərf olunub. “İşıqlı Ermənistan”, “Birliyin Qanadları”, “Yeni Güc Reformist”, “Milli Demokratik Qütb”, “Demokratik Birləşmə”, Daşnaksütun və digər siyasi qüvvələrin də müxtəlif həcmdə maliyyə daxilolmaları və xərcləri qeydə alınıb”, - deyə nəşr bildirib.
Məqalədə qeyd olunur ki, bəzi partiyalarda isə maliyyə hərəkəti ya çox məhdud olub, ya da ümumiyyətlə qeydə alınmayıb.
Nəşrin qənaətinə görə, seçkilər öncəsi əsas maliyyə axınları əsasən “Vətəndaş Müqaviləsi” partiyası, “Güclü Ermənistan” alyansı və qismən “Çiçəklənən Ermənistan” Partiyası ətrafında cəmləşib.
Alpər Mövludoğlu
Ordu.az