Ordu.az-ın araşdırmalarına görə, Ermənistanın hərbi rəhbərliyi Çin Xalq Respublikasından tədarük edilən və “Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin qatili” kimi tanınan ASN-301 “gəzən sursat” (kamikadze tipli PUA) komplekslərini rəsmən silahlanmaya daxil edib.
Ermənistan ordusu bu strateji pilotsuz uçuş aparatlarını (PUA) öz daxili təsnifatına uyğun olaraq “Vorot” adı altında
iki fərqli modifikasiyada təqdim edib:
“Vorot-1”: Çinin ASN-301 sisteminin sırf radiolokasiya əleyhinə (anti-radar) versiyasıdır. Bu aparat cəbhə xəttində rəqibin aktiv hərbi radarlarının saçdığı dalğaları izləmək, radio-tezliklərə kilidlənmək və hava hücumundan müdafiə komplekslərinin “gözlərini” intihar zərbəsi ilə kor etmək funksiyasını daşıyır.
“Vorot-2”: Eyni sistemin qutu və çoxlu konteyner tipli buraxılış qurğularına malik kamikadze versiyasıdır. Bu modifikasiya “sürü” taktikası ilə eyni anda çoxlu sayda buraxılaraq hədəf seçimi aparmaq və koordinat əsaslı nöqtə zərbələri endirmək üçün optimallaşdırılıb.
Paradda xüsusi hərbi yük maşınlarının arxasına quraşdırılmış altıbucaqlı buraxılış konteynerləri şəklində nümayiş etdirilən bu sistem 288 kilometrlik uçuş mənzilinə və havada 4 saat qala bilmə imkanına malikdir. Hərbi ekspertlər qeyd edirlər ki, rəsmi İrəvanın “Vorot-1” və “Vorot-2” sistemlərini arsenalına daxil etməkdə əsas məqsədi potensial döyüş əməliyyatlarının ilk dəqiqələrində qarşı tərəfin güclü HHM şəbəkəsini iflic etmək və asimetrik üstünlük qazanmaq cəhdidir.
Sevinc Əliyeva
Ordu.az