Zaxarova: “Ermənistanın Rusiya ilə münasibətləri qorumaq barədə sözləri ilə addımları üst-üstə düşmür”

2026/05/1779979241.jpg
Oxunub: 347     18:37     28 May 2026    
“Ermənistan hakimiyyəti Rusiya ilə münasibətləri qorumaq istədiyini bəyan edir, lakin onların sözləri ilə addımları arasında fərq var”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

“Biz erməni rəsmilərinin İrəvanın Rusiya ilə münasibətləri qorumaq niyyətində olması və heç kimə Ermənistandan ölkəmizə qarşı istifadə etməyə imkan verməyəcəyi barədə bəyanatlarını eşidirik. Lakin biz yalnız sözlərə deyil, əməllərə görə qiymət verməyə öyrəşmişik. Nədənsə həmin əməllər getdikcə bu bəyanatlardan daha çox uzaqlaşır”, - deyə diplomat qeyd edib.

Zaxarovanın sözlərinə görə, Rusiya heç vaxt Ermənistanın xarici əlaqələrini diversifikasiya etməsinə qarşı çıxmayıb.

Bununla belə, o hesab edir ki, Ermənistan hakimiyyətinin hazırkı siyasətini bu cür adlandırmaq çətindir və Rusiya ilə münasibətlər kontekstində bu siyasətin balanslı olması barədə danışmaq mümkün deyil.

Zaxarova qeyd edib ki, Rusiya əvvəlki kimi Ermənistanı öz müttəfiqi hesab edir və İrəvana münasibəti dəyişməyib.

“Rusiyanın Ermənistana və onun vətəndaşlarına münasibəti dəyişməyib. Biz əvvəl olduğu kimi bu ölkəni Cənubi Qafqazda təbii tərəfdaşımız, erməni xalqını isə qardaş xalq hesab edirik. Biz onlara yalnız sülh və rifah arzulayırıq”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin