İndoneziyaya gedəcək MİLGEM freqatları məlum oldu

2026/05/1779698342.jpg
Oxunub: 450     12:38     25 May 2026    
Türkiyənin Cənub-Şərqi Asiya bazarındakı ən böyük müdafiə sənayesi ixrac addımlarından biri olan İndoneziya MİLGEM layihəsində strateji mərhələyə keçilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Əldə olunan məlumata görə, İndoneziya Hərbi Dəniz Qüvvələri üçün inşa ediləcək 2 ədəd İSTİF sinfinə məxsus freqat üçün proses rəsmi olaraq başlayıb.

Türkiyə, Qətər və İndoneziya arasında ötən dövrdə imzalanan anlaşma memorandumlarından sonra Türkiyəni təmsil edən TAİS şirkəti iki freqatın ixracı üçün yekun müqaviləni imzalayıb. Qətərin təmin edəcəyi kredit maliyyələşməsi ilə həyata keçiriləcək böyük layihədə işlər rəsmən başlayıb. Bu ixrac modelində kredit maliyyələşməsinin həlledici rolu olduğu bildirilir, “Türkiyə-Qətər-İndoneziya müdafiə sənayesi əməkdaşlığı” da bunun sayəsində strateji ölçü qazanıb.

Donanmanın əməliyyat ehtiyacları üçün mühüm dəyişiklik

Hazırda Türkiyə gəmiqayırma zavodlarında 7-si İSTİF sinfinə məxsus olmaqla təxminən 50 hərbi gəminin inşası paralel şəkildə davam edir. Sinfin ilk gəmisi TCG İSTANBUL (F-515) uzun müddətdir Türkiyə Hərbi Dəniz Qüvvələri tərkibində aktiv xidmət göstərir.

Sənaye mənbələrində daha əvvəl inşası davam edən F-516 və F-517 bort nömrəli gəmilərin İndoneziyaya göndəriləcəyi deyilirdi. Lakin əldə olunan məlumata görə, Türkiyə Hərbi Dəniz Qüvvələrinin artan əməliyyat yükü səbəbindən bu plan yenidən nəzərdən keçirilib.

Yeni planlaşdırmaya əsasən, inşa və sınaq işlərinin son mərhələsinə çatan F-516 (TCG İZMİR), F-517 (TCG İZMİT) və F-518 (TCG İÇEL) freqatları birbaşa Türkiyə Hərbi Dəniz Qüvvələri inventarına daxil ediləcək. İndoneziyaya isə F-519 və F-521 bort nömrəli gəmilərin 2027-2028-ci illər arasında təhvil verilməsi gözlənilir. Sinfin digər gəmiləri F-520 və F-522 də Türkiyə donanmasının gücünü artıracaq.

İndoneziyaya ixrac ediləcək F-519 və F-521 gəmilərinin yerinə yeni freqatların inşa işlərinin sürətlə başlanacağı bildirilir. Bu planlama ilə ixrac həyata keçirilərkən Türkiyə Hərbi Dəniz Qüvvələrinin döyüş gücündə yarana biləcək mümkün boşluğun tam qarşısının alınması hədəflənir. Bundan başqa, ixracdan əldə ediləcək büdcənin böyük hissəsinin Türkiyə donanması üçün inşa olunacaq yeni nəsil döyüş gəmilərinin maliyyələşməsinə yönəldiləcəyi qeyd olunur.

Asiya bazarına ilk freqat ixracı

Qətər maliyyələşməsi ilə həyata keçən bu layihə Türkiyə müdafiə sənayesi üçün dönüş nöqtəsi hesab olunur. Türkiyə bu müqavilə ilə birlikdə ilk dəfə bir Asiya-Sakit okean ölkəsinə freqat ölçüsündə böyük səth döyüş gəmisi ixrac etmiş olacaq. Bundan əvvəl ASFAT tərəfindən Pakistana 4 ədəd, STM tərəfindən isə Maleziyaya 3 ədəd MİLGEM ADA sinfinə məxsus korvet ixrac edilmişdi.

Platforma ixracı ilə yanaşı, gəmilərdə yer alacaq ASELSAN istehsalı qabaqcıl sensor və digər sistemlər, ROKETSAN istehsalı milli raket sistemləri, MKE istehsalı gəmi topu və silah sistemləri ilə HAVELSAN istehsalı komanda-idarəetmə sistemləri kimi bir çox yerli həll də bu ixrac paketinə daxildir.

Türkiyə hazırladığı bu yeni ixrac strategiyası ilə hərbi gəmiqayırmada iqtisadi baxımdan özünü maliyyələşdirən, dayanıqlı ekosistem modeli qurur. Bu model gələcəkdə bəlkə də xarici ölkələrin döyüş gəmilərinin təmirinə yönəlmiş regional mərkəzə çevrilə bilər.

İSTİF sinfinə məxsus MİLGEM freqatlarının əsas xüsusiyyətləri

MİLGEM ADA sinfi korvet konsepsiyasının ikinci mərhələsi hesab olunan İSTİF sinfinə məxsus freqatlar Türkiyənin yerli imkanlarla layihələndirdiyi və inkişaf etdirdiyi ilk milli freqat sinfidir. Layihə ölçülərində aparılan optimallaşdırmalar sayəsində bu gəmilər sələfi olan ADA sinfi korvetlərlə müqayisədə daha yüksək dənizçilik qabiliyyətinə və daha uzun mənzilə malikdir. 3150 ton subasımı qabiliyyəti və 113 metr uzunluğa malik freqat 29+ düyün maksimal sürətə çata bilir.

İSTANBUL sinfi daxilində yer alan ASELSAN CENK-S AESA radarı hava hədəflərini daha uzaq məsafədən yüksək dəqiqliklə aşkarlayıb izləyə bilir. Gəmi Türkiyənin ilk milli vertikal atım sistemi olan ROKETSAN MİDLAS ilə təchiz olunub. MİDLAS vasitəsilə atıla bilən HİSAR-D hava hücumundan müdafiə raketləri və gəmi əleyhinə tapşırıqlar üçün inteqrasiya edilən ROKETSAN ATMACA gəmi əleyhinə raketi ilə İSTİF sinfi tam müstəqil zərbə qabiliyyətinə sahibdir. İlk 4 gəmi “STM”nin rəhbərliyi ilə inşa olunub və ya olunmaqdadır.

Yerli sonar sistemləri və torpedo boruları ilə təchiz edilən platforma sualtı təhdidlərə qarşı yüksək yaşama qabiliyyəti təqdim edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   MİLGEM   Freqat  


Bizi "telegram"da izləyin