Slutski Paşinyanın Aİ ilə “oyunları”na toxunub və Kiyev Maydanını xatırladıb

2026/06/1780599646.jpg
Oxunub: 150     23:00     04 İyun 2026    
“Avropa İttifaqı Ermənistan və Rusiya arasındakı iqtisadi prosesləri siyasiləşdirərək İrəvanı Moskvadan uzaqlaşdırmağa çalışır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Liberal-Demokrat Partiyasının sədri Leonid Slutski bildirib.

Onun sözlərinə görə, bu siyasət həm Ermənistanın milli maraqlarına, həm də iki xalq arasındakı əsrlərlə formalaşmış əlaqələrə ziddir.

Slutski Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Rusiyanın tətbiq etdiyi ixrac məhdudiyyətləri səbəbindən Ermənistana 50 milyon avro ayrılacağı ilə bağlı bəyanatını şərh edərkən bu fikirləri səsləndirib.

“Rusiya təzyiq göstərmir, sadəcə öz bazarını qoruyur. Avropanın iqtisadi prosesləri açıq şəkildə anti-Rusiya çaları ilə siyasiləşdirməsi Brüsselin əsl məqsədini göstərir: Ermənistanı mümkün qədər Rusiyadan uzaqlaşdırmaq”, - deyə Slutski “X” sosial şəbəkəsində yazıb.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa ilə apardığı siyasət Ukraynadakı Maydan hadisələri və sonrakı proseslərlə paralellər yaradır.

“Paşinyanın Avropa ilə oyunları Ukrayna Maydanı və Ukrayna xuntasının xalqın maraqlarına xəyanəti ilə birbaşa paralellər yaradır”, - deyə siyasətçi vurğulayıb.

Slutskinin fikrincə, Ermənistan iqtisadiyyatının böyük hissəsi birbaşa Rusiya ilə bağlıdır, halbuki Avropada İrəvan üçün demək olar ki, ciddi satış bazarları yoxdur.

O əlavə edib ki, Paşinyan ölkənin rifahı üçün deyil, öz hakimiyyətini qorumaq üçün siyasi manipulyasiyalarla məşğuldur.

“Avropa İttifaqı da Ermənistan naminə real maliyyə yükü götürməyə hazır deyil. Təkcə qaz qiymətlərindəki fərqin kompensasiyası ekspert hesablamalarına görə ildə təxminən 1 milyard dollar tələb edir”, - deyə Slutski bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slutski   Paşinyan    


Bizi "telegram"da izləyin