HAVELSAN BAHA Malayziyaya gedir

2026/05/vcbvc-1779698199.jpg
Oxunub: 387     12:30     25 May 2026    
Malayziya Türkiyədən tədarük edəcəyi gəmilərdə istifadə etmək üçün HAVELSAN istehsalı BAHA pilotsuz uçuş aparatlarını da alacaq.

Ordu.az xəbər verir ki, Türkiyənin aparıcı gəmiqayırma zavodlarından olan DESAN Malayziya Sahil Mühafizəsi Komandanlığı üçün 2 ədəd çoxməqsədli gəmi inşa edir.

İlk MPMS-1 gəmisi 2027-ci il martında Malayziyaya təhvil veriləcək. MPMS-2 isə 2028-ci il yanvarında çatdırılacaq.

Bu çərçivədə 2025-ci il fevralın 11-də Prezident Rəcəb Tayyib Ərdoğanın Malayziyaya səfəri zamanı İdarə Heyətinin sədri Cenk Kaptanoğlu ilə Malayziya Daxili İşlər Nazirliyinin baş katibi arasında qarşılıqlı imzalanan ilkin qəbul məktubu ilə layihənin müqavilə prosesi başlanmışdı. Bundan başqa, DESAN-ın Malayziyada da gəmiqayırma zavodu sərmayəsi həyata keçirdiyi bildirilir.

Məlumata görə, Malayziya həmin gəmilərlə birlikdə HAVELSAN istehsalı BAHA pilotsuz uçuş aparatlarını da tədarük edəcək. Şaquli qalxma-enmə qabiliyyətinə malik olan bu platformaların dəniz təhlükəsizliyi tapşırıqlarında aktiv istifadə edilməsi planlaşdırılır.

Müasir hərbi birləşmələrin ehtiyaclarını qarşılamaq məqsədilə HAVELSAN tərəfindən hazırlanan BAHA uçuş-enmə zolağına ehtiyac duymadan şaquli enmə-qalxma və tam avtonom tapşırıq qabiliyyətinə malikdir.

Müxtəlif yük növlərinin inteqrasiyasına imkan verən modul arxitekturası ilə bütün insansız sistemlərlə birgə əməliyyat apara bilən buludaltı avtonom pilotsuz uçuş aparatı gecə və gündüz, hətta buludlu havalarda da nişanlama və aşkarlama tapşırıqlarını yerinə yetirərək kəşfiyyat məlumatlarını müvafiq ünvanlara ötürür.

BAHA maksimal 28 kiloqram qalxış çəkisinə və 2 kiloqram faydalı yükdaşıma qabiliyyətinə malik elektrik mühərrikli pilotsuz uçuş aparatıdır. Platforma 4 metr qanad açılımı və 2,1 metr uzunluğu ilə kompakt quruluş təqdim edir, 75-80 km/saat sürətlə tapşırıq icra edə bilir. BAHA 50 kilometrə qədər məlumat rabitəsi məsafəsinə malikdir və 2 saata qədər havada qala bilir. Sistem 10 min fut tavan hündürlüyünə və 8 min fut tapşırıq hündürlüyünə yüksələ bilir, qalxma və enmə zamanı 15 düyün, uçuş zamanı isə 25 düyün külək hədləri daxilində fəaliyyət göstərə bilir. -10 ilə +50 dərəcə arasındakı temperaturlarda tapşırıq yerinə yetirə bilən platforma EO/IR/LRF inteqrasiya olunmuş kamera sistemi sayəsində kəşfiyyat, müşahidə və hədəf aşkarlanması tapşırıqlarında effektiv istifadə imkanı yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAVELSAN   BAHA   Malayziya  


Bizi "telegram"da izləyin