“The Guardian”: Putin internet məhdudiyyətlərinin yumşaldılmasını rədd edib

2026/05/1778345919.jpg
Oxunub: 357     12:21     25 May 2026    
Rusiya Prezidenti Vladimir Putin siyasi elitanın internet məhdudiyyətlərinin sərtləşdirilməməsi ilə bağlı çağırışlarını rədd edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti müzakirələrdən məlumatlı iki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov və Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko internet məhdudiyyətlərinin yumşaldılması üçün qapalı görüşlərdə təşəbbüs göstəriblər.

Lakin mənbələrin sözlərinə görə, Federal Təhlükəsizlik Xidmətinin təşviq etdiyi məhdudiyyətlərin qarşısını almaq mümkün olmayıb. Mənbələrdən biri bildirib ki, müharibə davam etdiyi müddətdə Putin təhlükəsizlik strukturlarına üstünlük verməyə davam edəcək.

Qəzet yazır ki, son bir ildə Rusiya regionlarında başlayan və “Telegram”ın bloklanması ilə paralel Moskvaya qədər çatan internet kəsintiləri artıq Moskva elitası arasında qara yumor mövzusuna çevrilib. Kremlə yaxın mənbələrdən biri “əsas söhbət mövzusunun internet olduğunu” və Rusiyanın addım-addım Şimali Koreyaya yaxınlaşdığını deyib.

“The Guardian” qeyd edir ki, vaxtilə Rusiyada lağ obyektinə çevrilən Çin internet senzurası indi bəzi dairələrdə qısqanclıq doğurur. Məlumata görə, internet məhdudiyyətləri səbəbindən Putinin reytinqi 2018-ci ildən etibarən ən aşağı səviyyəyə enib.

Bundan başqa, son 8 ildə hakimiyyətə qarşı ən güclü narazılıq dalğasının yarandığı bildirilir. Qeyd olunur ki, Kreml buna cavab olaraq Putinin reytinqinin hesablanma metodologiyasını dəyişib və göstəricilər yenidən artmağa başlayıb.

VTsİOM-un məlumatına əsasən, mayın 17-də başa çatan həftə ərzində rusiyalıların 69,4 faizi Putinin fəaliyyətini dəstəkləyib. Bu göstərici aprelin sonu ilə müqayisədə 3,8 faiz bəndi çoxdur.

Məqalədə xatırladılır ki, Putin hələ 2017-ci ildə Rusiya üçün faktiki olaraq “ayrı internet” yaradılması göstərişi vermişdi. Bir il sonra isə ölkədaxili trafikə nəzarət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən “suveren runet” qanunu qəbul olunub.

2019-cu ildə Putin Rusiyanın interneti bağlamaq niyyətində olmadığını və “suveren internet” ilə “azad internet” anlayışlarının bir-birinə zidd olmadığını bildirmişdi. Lakin 2026-cı ilin fevralında o, Federal Təhlükəsizlik Xidmətinə rusiyalıların rabitəsini kəsmək hüququ verən qanunu imzalayıb.

Qanuna əsasən, operatorlar xüsusi xidmət orqanlarının bloklama ilə bağlı bütün göstərişlərini dərhal yerinə yetirməyə borcludurlar. “The Guardian” yazır ki, internet məhdudiyyətləri Federal Təhlükəsizlik Xidməti tərəfindən təşviq olunsa da, Rusiya hakimiyyət sistemində hələ də büdcənin formalaşmasında mühüm rol oynayan texnokratlar və iri korporasiyalar qalmaqdadır.

Buna görə də total rəqəmsal nəzarət siyasəti onların razılığı olmadan həyata keçirilir. Məqalədə qeyd olunur ki, mövcud vəziyyət Federal Təhlükəsizlik Xidmətini daha sərt addımlar atmağa sövq edir və elitanın müqaviməti güc strukturlarının təzyiqlərini daha da artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Putin  


Bizi "telegram"da izləyin