Tək operator kamikadze PUA-sı sürüsünü idarə edəcək

2026/01/Ekran-1769527085.jpg
Oxunub: 397     10:33     25 May 2026    
“Shield AI” şirkətinin hazırladığı “Hivemind” süni zəka avtonomiya proqramı LUCAS kamikadze pilotsuz uçuş aparatı sisteminə inteqrasiya ediləcək.

Ordu.az xəbər verir ki, ABŞ Müdafiə Araşdırmaları və Mühəndisliyi üzrə Müsteşarlıq Ofisi aşağı xərcli birtərəfli hücum pilotsuz uçuş aparatlarından ibarət yeni nəsil LUCAS proqramı üçün “Shield AI” şirkətini seçib.

Məlumata görə, şirkət tərəfindən hazırlanmış “Hivemind” süni zəka proqramı bu insansız döyüş sistemlərinin əsas idarəetmə mərkəzi rolunu oynayacaq.

Bildirilir ki, ənənəvi avtopilot sistemləri əvvəlcədən yüklənmiş GPS koordinatları və sabit marşrutlara əsaslandığı halda, “Hivemind” proqramı platformalara real vaxt rejimində qərarvermə və hərəkət azadlığı qazandırır.

Proqram rabitə məhdudiyyətləri, güclü radioelektron mübarizə şəraiti və ya gözlənilməz taktiki maneələrlə qarşılaşdıqda missiya planını anlıq şəkildə yenidən formalaşdırır.

LUCAS proqramı çərçivəsində “Hivemind” sürü daxilindəki hər bir kamikadze pilotsuz uçuş aparatının koordinasiyalı fəaliyyətini təmin edən ortaq süni zəka pilotu kimi fəaliyyət göstərəcək.

Mütəxəssislər qeyd edirlər ki, süni zəkanın naviqasiya, yayınma manevrləri və sürü koordinasiyasını üzərinə götürməsi operatorların zehni yükünü ciddi şəkildə azaldır.

Yeni avtonom arxitektura sayəsində bir hərbi qulluqçu normal şəraitdə onlarla şəxsin idarə edə biləcəyi mürəkkəb sürü əməliyyatlarını tək mərkəzdən idarə edə bilir.

Şirkət vurğulayıb ki, taktiki icra və uçuş idarəetməsi tam şəkildə süni zəkaya həvalə olunsa da, hədəfin məhv edilməsi və son zərbə qərarında insan nəzarəti əsas prinsip kimi qorunub saxlanılır.

Qeyd edək ki, “Hivemind” proqramı bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin İş Birlikçi Döyüş Təyyarəsi proqramında “Anduril” şirkətinin YFQ-44A platformasında uğurla inteqrasiya olunub. Sistem həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin BQM-177 sınaq təyyarəsində, “Airbus UH-72B Lakota” helikopterində və “Destinus Horne” platformasında da sınaqdan keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Shield-AI   LUCAS  


Bizi "telegram"da izləyin