Serbiyanın paytaxtında on minlərlə insan hökumət əleyhinə aksiyalara qoşulub

2026/05/1779563848.jpg
Oxunub: 393     23:06     23 May 2026    
Serbiyanın paytaxtı Belqradda on minlərlə insan hökumət əleyhinə keçirilən etiraz aksiyalarına qatılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, etiraz aksiyası Serbiya universitetlərinin tələbələri tərəfindən təşkil olunub.

Etirazçılar Belqradın mərkəzi meydanına müxtəlif istiqamətlərdən yürüş ediblər. Onların bir çoxu “Tələbələr qalib gəlir” şüarı yazılmış plakat və köynəklər daşıyıblar. Həmin gün Serbiyanın digər şəhərlərindən də avtomobil karvanları Belqrada gəlib.

Tələbələr 2024-cü ilin noyabrında Serbiyanın şimalındakı dəmiryolu vağzalında baş vermiş faciəyə görə məsul şəxslərin cəzalandırılması tələbi ilə başlayan korrupsiya əleyhinə etirazların əsas təşkilatçıları olublar.

Həmin hadisə nəticəsində 16 nəfər həlak olmuşdu. Etirazlar o vaxtkı Baş nazir Miloş Vuçeviçin istefasına səbəb olsa da, Prezident Aleksandar Vuçiç nümayişçilərə qarşı sərt mövqe nümayiş etdirib. Serbiya dövlət dəmiryolu şirkəti şənbə günü Belqrada və əks istiqamətə bütün qatar reyslərini ləğv edib.

Bundan əvvəl Vuçiç tərəfdarları prezident sarayının qarşısında qurulan çadır düşərgəsində toplaşıblar. Bildirilir ki, həmin düşərgə ötən ilin martında keçirilmiş böyük hökumət əleyhinə aksiyadan əvvəl etirazçılara qarşı “canlı sipər” kimi yaradılmışdı.

Polisin xüsusi təyinatlı qüvvələrinin nəzarət etdiyi ərazidə xalq musiqisi səsləndirilib. Tələbələr aksiyanın dinc xarakter daşıyacağını açıqlayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Aksiya  


Bizi "telegram"da izləyin