Ordu.az xəbər verir ki, bu barədə Dendias mayın 20-də keçirilən “Qlobal qeyri-müəyyənlik şəraitində Milli Fəaliyyət Planı” konfransında danışıb.
Nazir Yunanıstan Silahlı Qüvvələrinin simasını dəyişdirməyi hədəfləyən “Gündəm 2030” proqramı çərçivəsində pilotsuz uçuş aparatları istehsalının əsas prioritetlərdən biri olduğunu bildirib.
“Defence Review GR” nəşrinin məlumatına görə, Dendias “Gündəm 2030” layihəsini Yunanıstan Silahlı Qüvvələrinin tarixində ən iddialı islahat paketi adlandırıb.
Nazir qeyd edib ki, artıq yalnız bahalı sistemlər almaq kifayət etmir və müasir informasiya emalı, idarəetmə sistemləri qurmaq lazımdır. Onun sözlərinə görə, Yunanıstan ordusu daxilində hazırda iki əsas pilotsuz uçuş aparatı istehsalı müəssisəsi yaradılıb.
Bundan əlavə, üçölçülü printerlər vasitəsilə mobil bölmələrin yerləşdiyi ərazilərdə yerində pilotsuz uçuş aparatı istehsal etmək qabiliyyəti əldə olunub. Dendias bildirib ki, iki il ərzində Yunanıstan ordusundakı hər briqada ehtiyac duyduğu pilotsuz uçuş aparatını öz imkanları ilə istehsal edə biləcək.
Nazirin sözlərinə görə, komandirlər həmin pilotsuz uçuş aparatlarının proqram təminatını və tapşırıq konfiqurasiyasını dərhal dəyişə biləcəklər. Hazırda ildə 5 min dron istehsal gücünə malik olduqlarını bildirən Dendias yaxın 1,5-2 il ərzində bu rəqəmin 100 mini keçəcəyini açıqlayıb.
O əlavə edib ki, 2030-cu ilin sonuna qədər nəzəri olaraq ildə 1 milyondan çox pilotsuz uçuş aparatı istehsal etmək potensialına sahib olacaqlar. Dendias həmçinin bildirib ki, bu, bütün büdcənin pilotsuz uçuş aparatı istehsalına yönəldilməsi və anbarlarda ehtiyat yaradılması demək deyil.
Nazir Kerpe adasında yerləşdirilmiş “Patriot” hava hücumundan müdafiə sistemlərinin geri çəkilməsi ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, həmin sistemlər Türkiyə təhdidinə qarşı deyil, İran mənşəli raket təhlükəsinə görə yerləşdirilmişdi.
Dendias əlavə edib ki, son altı həftədə İran tərəfindən raket buraxılması təhlükəsi qalmadığı üçün sistemlərin həmin ərazidə saxlanılmasına ehtiyac yoxdur. Türkiyə ilə münasibətlərə toxunan Yunanıstan müdafiə naziri “Egey dənizində sakit sular” anlayışına inanmadığını bildirib.
O qeyd edib ki, əgər Türkiyə gərginliyi artırmaq yolunu seçərsə, Yunanıstan Konstitusiyaya uyğun olaraq sərhədlərini və suveren hüquqlarını qorumağa borcludur.
Sevinc Əliyeva
Ordu.az