Ordu.az xəbər verir ki, Tramp bu barədə “Axios” portalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, şənbə günü ABŞ nümayəndələri ilə görüş keçirərək İranın son təklifini müzakirə edəcək və ehtimal ki, bazar gününə qədər müharibənin yenidən başlanması məsələsi ilə bağlı qərar qəbul olunacaq.
Tramp İranla “yaxşı razılaşma” əldə etmək və ya “onları cəhənnəmə göndərmək” ehtimalının “50-nin 50-yə” olduğunu bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, o, şənbə günü xüsusi nümayəndə Stiv Uitkof və Cared Kuşnerlə görüşərək İranın son cavabını müzakirə edəcək. Görüşə vitse-prezident Cey Di Vensin də qatılması gözlənilir.
Məlumata görə, tərəflər arasında vasitəçilik edən Pakistan ordusunun feldmarşalı Asim Munir Tehran səfərini başa vuraraq ölkədən ayrılıb.
Pakistan tərəfi bəyan edib ki, yekun razılaşma əldə olunmasa da, “son anlaşmaya nail olunması istiqamətində ümidverici irəliləyiş” müşahidə olunur. Tramp bildirib ki, yalnız uranın zənginləşdirilməsi və İranın mövcud ehtiyatlarının taleyi kimi məsələləri əhatə edən razılaşmanı qəbul edəcək.
Lakin qeyd olunub ki, ABŞ və İran arasında müzakirə olunan niyyət məktubunda bu məsələlərin detallı şəkildə həll olunması gözlənilmir. Təklifə əsasən, tərəflər müharibəni dayandırmalı və daha geniş danışıqlar üçün 30 günlük müddət müəyyən etməlidirlər.
“Düşünürəm ki, iki variantdan biri baş verəcək: ya onlara indiyədək aldıqları ən güclü zərbəni endirəcəyəm, ya da yaxşı razılaşma imzalayacağıq”, - deyə Tramp bildirib. O əlavə edib ki, bəzi şəxslər razılaşmanı, digərləri isə müharibənin yenidən başlamasını istəyir.
Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun onun sərfəli olmayan razılaşma bağlayacağından narahat olduğu barədə iddiaları isə təkzib edib.
Sevinc Əliyeva
Ordu.az