ABŞ Ədliyyə Nazirliyi Kapitoli hücumu ilə bağlı məlumatları saytından silib

2026/05/1779551170.jpg
Oxunub: 420     19:44     23 May 2026    
ABŞ Ədliyyə Nazirliyi 2021-ci il yanvarın 6-da baş vermiş Kapitoli hücumu ilə bağlı cinayət işlərinə dair press-relizləri rəsmi saytından silib.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, nazirlik həmin məlumatları “partizan təbliğatı” adlandırıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yanvarında vəzifəyə qayıtdığı ilk gün Kapitoli hücumunda ittiham olunan 1500-dən çox şəxslə bağlı işlərə xitam veriləcəyini, bəzi şəxslərin əfv olunacağını və həbs müddətlərinin yüngülləşdiriləcəyini açıqlamışdı.

Bunların arasında polis əməkdaşlarına bayraq dirəkləri, hokkey çubuqları və digər vasitələrlə hücum etməkdə təqsirləndirilən şəxslər də olub.

Ədliyyə Nazirliyi bazar ertəsi Trampın müttəfiqlərinə qarşı aparılmış “ədalətsiz araşdırmalar” nəticəsində zərər çəkdiklərini iddia edən şəxslərə kompensasiya ödənilməsi məqsədilə 1,776 milyard dollarlıq fond yaradıldığını elan edib.

Baş prokuror səlahiyyətlərini icra edən Todd Blanş isə iğtişaşlar zamanı zorakılıqda təqsirli bilinən şəxslərin də bu ödənişlərdən yararlana biləcəyini istisna etməyib.

Bu açıqlama ABŞ Konqresində hər iki partiyanın narazılığına səbəb olub.

Nazirlik həmçinin bildirib ki, Bayden administrasiyası dövründə Ədliyyə Nazirliyinin siyasiləşdirilməsi cəhdlərinin qarşısını almaqla fəxr edirlər.

Qurum açıqlamasında qeyd edib ki, siyasi motivli təqiblərə məruz qaldıqlarını düşündükləri şəxslərin müdafiəsi üçün bütün imkanlardan istifadə edəcəklər və bu çərçivədə nazirliyin saytını “partizan təbliğatından” təmizləyirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kapitoli  


Bizi "telegram"da izləyin