ABŞ yeni AGM-190A “Havoc Spear” qanadlı raketini təqdim edib

2026/05/Ekran-1779548350.jpg
Oxunub: 443     20:02     23 May 2026    
ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığı xüsusi əməliyyat bölmələrinə ucuz və sürətlə istehsal oluna bilən uzaqmənzilli hücum qabiliyyəti qazandırmaq məqsədilə hazırlanmış yeni AGM-190A “Havoc Spear” qanadlı raketini ictimaiyyətə təqdim edib.

Ordu.az xəbər verir ki, yeni sistemin komandanlığın “Enhanced Precision Effects” modernizasiya proqramının mühüm mərhələlərindən biri olduğu bildirilir.

Məlumata görə, proqram çərçivəsində həm kinetik, həm də qeyri-kinetik təsir yarada bilən çevik uzaqmənzilli silah sistemlərinin genişləndirilməsi hədəflənir. Modul quruluşa malik və tapşırıq ehtiyaclarına uyğun şəkildə uyğunlaşdırıla bilən “Havoc Spear”ın sahədəki komandirlərə müxtəlif təhdidlərə qarşı daha geniş uzaqmənzilli zərbə imkanları təqdim edəcəyi qeyd olunub.

ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri general-leytenant Mayk Konli sistemin uzaqmənzilli dəqiq zərbə qabiliyyəti ilə əməliyyat çevikliyini artıracağını bildirib. Raketin özəl sektorla birgə aparılan tədqiqat və inkişaf sazişi çərçivəsində hazırlandığı açıqlanıb.

ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri admiral Frenk Bredli bildirib ki, texnologiya artıq mövcud idi, əsas məqsəd isə sürətlə hərəkət etməyə və hesablanmış risklər götürməyə imkan verən mühit yaratmaq olub. Bredli sahədə çalışan operatorlarla mühəndislər arasında birbaşa geribildirim mexanizminin layihənin sürətlənməsində həlledici rol oynadığını vurğulayıb və bu yanaşmanın artıq ABŞ Silahlı Qüvvələri miqyasında genişləndirildiyini deyib.

Komandanlığın məlumatına görə, “Havoc Spear” inkişaf mərhələsindən döyüş qiymətləndirməsi mərhələsinə üç ildən az müddətdə çatıb. Bu müddətin yeni silah sistemləri üçün adətən 5-7 il arasında dəyişən ənənəvi tədarük dövrü ilə müqayisədə çox qısa olduğu bildirilir. ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meynk sistemə 2025-ci ilin noyabrında “Havoc Spear” adını verib. Adın kütləvi hücumlarla genişmiqyaslı dağıntı yaratmaq və uzaq məsafədə dəqiq hədəfləmə qabiliyyətini ifadə etdiyi qeyd olunur.

Komandanlıq yeni raketin yalnız xüsusi əməliyyatlar üçün deyil, həm də konvensional hava əməliyyatlarında və çoxsahəli döyüş konsepsiyalarında istifadə edilməsinin planlaşdırıldığını açıqlayıb. Qurum həmçinin “Havoc Spear”ın dağınıq döyüş quruluşunu dəstəkləmək və uzaqmənzilli dəqiq zərbə qabiliyyəti ilə rəqib qüvvələr üzərində əməliyyat təzyiqi yaratmaq məqsədilə hazırlandığını vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   AGM-190A   Havoc-Spear  


Bizi "telegram"da izləyin