Ordu.az xəbər verir ki, yeni nəsil platforma Almaniyanın hava qüvvələrini modernləşdirməyi hədəfləyən “Quadriga” proqramının ilk konkret nəticəsi hesab olunur.
Təkyerlik konfiqurasiyaya malik təyyarə Münhen yaxınlığındakı Manxinq müəssisəsində nümayiş etdirilib.
Şirkət nümayəndələri Manxinqdə yerləşən yekun montaj xəttində bir neçə “Tranche 4” qırıcısının istehsalının tamamlandığını açıqlayıblar. Lakin yeni variant hələ ilk uçuşunu həyata keçirməyib. İlk uçuşun yaxın həftələrdə baş tutacağı gözlənilir.
Almaniya 2020-ci ilin noyabrında başladılan “Quadriga” proqramı çərçivəsində ümumilikdə 38 ədəd “Eurofighter Tranche 4” qırıcısı sifariş edib. Sifariş paketinə 31 təkyerlik və 7 ikiyerlik platforma daxildir. Təyyarələrin 2030-cu ilə qədər təhvil verilməsi planlaşdırılır.
İstehsal edilən 38 platformadan 3-ü əlavə sınaq avadanlıqları ilə təchiz olunaraq Almaniyanın test mərkəzlərinə veriləcək. Məlumata görə, yeni nəsil “Tranche 4” qırıcıları Almaniya Hərbi Hava Qüvvələrinin inventarındakı köhnə “Tranche 1” variantlarını əvəz edəcək.
Qeyd olunub ki, “Tranche 1” platformaları köhnə “Captor-M” radarı, məhdud “hava-yer” imkanları və aşağı modernizasiya potensialı səbəbindən artıq yetərsiz hesab olunur. Berlin rəhbərliyi əlavə olaraq “Tornado IDS” təyyarələrini əvəz etmək məqsədilə daha 55 ədəd “Eurofighter” almağı planlaşdırır.
Modernizasiya paketinin diqqətçəkən elementlərindən biri də “Saab” şirkəti tərəfindən hazırlanan AREXIS özünümüdafiə sistemi olub. Yeni sistem vasitəsilə “Eurofighter Tranche 4” təyyarələrinin düşmənin hava hücumundan müdafiə radarlarına qarşı radioelektron mübarizə və əks-tədbir imkanlarının artırılması nəzərdə tutulur.
Platformanın həmçinin yeni nəsil “hava-yer” idarəolunan sursatlarla təchiz ediləcəyi bildirilib. “Tranche 4” variantının əvvəlki nəsillərdən əsas fərqi isə “Hensoldt” istehsalı olan ECRS “Mk1” AESA radar sistemi hesab olunur.
AESA radar arxitekturasının daha uzaq məsafədən hədəf aşkarlanması, sürətli izləmə, çoxsaylı hədəflərə qarşı fəaliyyət və radioelektron maneələrə qarşı yüksək davamlılıq kimi üstünlüklər təqdim etdiyi qeyd edilib. Bundan əlavə, Almaniyanın 2025-ci ilin oktyabrında 20 ədəd “Eurofighter Tranche 5” qırıcısı da sifariş etdiyi açıqlanıb.
Radioelektron mübarizə və kəşfiyyat missiyalarında istifadə olunacaq bu platformaların Almaniya Hərbi Hava Qüvvələrinin inventarındakı “Tornado” ECR təyyarələrini əvəz etməsi planlaşdırılır.
Təxminən 3,75 milyard avro dəyərində olan müqaviləyə 52 mühərrik və ehtiyat hissələri paketləri də daxildir. İlk “Tranche 5” təyyarəsinin 2031-ci ildə təhvil verilməsi, son çatdırılmanın isə 2034-cü ilə qədər tamamlanması nəzərdə tutulur.
Sevinc Əliyeva
Ordu.az