Ordu.az xəbər verir ki, Rumıniya Avropa Komissiyasının SAFE mexanizmi çərçivəsində 16,68 milyard avroluq maliyyəni təsdiqləməsindən sonra Avropanın ən böyük müdafiə maliyyələşdirmə paketlərindən birini əldə edib.
Rumıniya Müdafiə Nazirliyi mayın 21-də ölkənin SAFE maliyyələşdirmə müqaviləsinin təsdiqləndiyini və Avropa İttifaqı dəstəkli kreditlər çərçivəsində 16,68 milyard avronun ayrıldığını açıqlayıb.
Bununla Rumıniya Polşadan sonra SAFE mexanizmindən ən çox istifadə edən ikinci ölkə olub.
Məlumata görə, paket mexanikləşdirilmiş bölmələr, təbəqəli hava hücumundan müdafiə sistemləri və Qara dəniz təhlükəsizliyinə yönəlmiş genişmiqyaslı silahlanma proqramını əhatə edir.
2026-2030-cu illər arasında həyata keçirilməsi planlaşdırılan 21 tədarük layihəsinə 9,6-9,98 milyard avro arasında vəsait ayrılması nəzərdə tutulur. Əlavə maliyyənin isə Daxili İşlər Nazirliyinin proqramlarına, həmçinin Moldova və Ukraynaya yönəlmiş ikili təyinatlı nəqliyyat infrastrukturuna sərf ediləcəyi bildirilib.
“Army Recognition” nəşrinin məlumatına görə, SAFE çərçivəsində maliyyələşdirilən proqram yeni zirehli döyüş maşınları, hava hücumundan müdafiə sistemləri, açıq dəniz patrul gəmiləri, gəmi əleyhinə raketlər və H225M “Caracal” helikopterlərini əhatə edir.
Qeyd olunub ki, bu sistemlərin Rumıniyanın pilotsuz uçuş aparatları hücumlarına qarşı imkanlarını artırması, Qara dənizdə kritik infrastrukturu qoruması və Ukrayna ilə Moldova yaxınlığında NATO qüvvələrinin dəstəyini təmin etməsi hədəflənir.
Sevinc Əliyeva
Ordu.az