Türkiyə Qətər və Omandan “Eurofighter Typhoon” qırıcıları almağı planlaşdırır

2026/05/1779547928.jpg
Oxunub: 462     18:45     23 May 2026    
Türkiyə yeni istehsal ediləcək “Eurofighter Typhoon” qırıcılarının təhvilinə qədər yaranacaq ehtiyacın qarşılanması məqsədilə Qətər və Omandan müəyyən sayda təyyarənin alınmasını planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər açıqlama verib.

Nazir bildirib ki, Böyük Britaniyadan alınması planlaşdırılan yeni istehsal “Eurofighter Typhoon” təyyarələrinin inventara daxil olmasına qədər yaranacaq ehtiyacın qarşılanması üçün Qətər və Omandan müəyyən sayda qırıcının silahlanmaya qəbul edilməsi nəzərdə tutulur.

O qeyd edib ki, bölgədə baş verən son hadisələr bu iki ölkə ilə aparılan proseslərə mənfi təsir göstərməyib.

Məlumata görə, Türkiyə Böyük Britaniyadan “Tranche 4” konfiqurasiyasında 20 ədəd yeni istehsal “Eurofighter Typhoon” qırıcısı almağı planlaşdırır. Təyyarələrin 2030-cu ildə 6, 2031-ci ildə 8, 2032-ci ildə isə daha 6 ədəd olmaqla təhvil verilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, tədarük paketinə “Meteor” uzaqmənzilli “hava-hava” raketləri də daxil ediləcək. Bundan əlavə, Türkiyə ilə Böyük Britaniya arasında 2026-cı il martın 25-də “Eurofighter Typhoon” qırıcılarının istismarı və texniki dəstəyi ilə bağlı müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “BAE Systems” şirkəti tərəfindən ehtiyat hissələri, dəstək avadanlıqları, pilot və mühəndis hazırlığı, yüksək reallıqlı simulyator sistemləri və radioelektron mübarizə imkanları təmin ediləcək.

Şirkətin həmçinin təyyarələrin xidmətə qəbulundan sonra ilk üç il ərzində texniki dəstək göstərəcəyi açıqlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qətər   Oman  


Bizi "telegram"da izləyin