Erməni KİV-i: KTMT-yə dönüş olmayacaq

2026/05/1779531896.jpg
Oxunub: 499     14:20     23 May 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərdə kəskin addımlar atılmayacağı ilə bağlı son açıqlamalarının hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramı ilə ziddiyyət təşkil etdiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məqalə yayımlayıb.

Məqalədə qeyd olunur ki, Paşinyan bir neçə gün əvvəl seçkiqabağı kampaniya çərçivəsində Lori vilayətinin Şnoğ yaşayış məntəqəsində seçicilərlə görüş zamanı komandasının heç vaxt Rusiyanın maraqlarına qarşı fəaliyyət göstərmədiyini və göstərməyəcəyini bəyan edib.

Lakin nəşrin araşdırmasına görə, “Vətəndaş Müqaviləsi” partiyasının 2026-cı il parlament seçkiləri üçün hazırladığı proqram tamamilə fərqli siyasi xətt ortaya qoyur.

“News.am” hakim partiyanın 2021 və 2026-cı illər üzrə seçki proqramlarını müqayisə edərək xarici siyasət istiqamətlərində ciddi dəyişikliklərin baş verdiyini müəyyən edib”, - deyə məqalədə qeyd olunub.

Məlumata görə, 2021-ci ildə hakim qüvvə Ermənistanın təhlükəsizlik arxitekturasının əsasını Ermənistan-Rusiya strateji müttəfiqliyində görürdü.

“Həmin proqramda ikitərəfli müqavilələrin, Silahlı Qüvvələrin Birləşmiş Qruplaşmasının və vahid hava hücumundan müdafiə sisteminin əhəmiyyəti xüsusi vurğulanırdı. Eyni zamanda Ermənistandakı Rusiya 102-ci hərbi bazasının imkanlarının genişləndirildiyi qeyd edilirdi”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, həmin dövrdə Zəngəzurun təhlükəsizliyi də birbaşa Rusiya hərbi mövcudluğu ilə əlaqələndirilirdi.

“Proqramda Gorus və Sisian bölgələrində Rusiya hərbi dayaq məntəqələrinin yaradılması və dövlət sərhədinin mühafizəsində Rusiya sərhədçilərinin iştirakı xüsusi qeyd olunurdu”, - deyə məqalədə vurğulanıb.

Nəşrin məlumatına görə, 2021-ci il proqramında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sadiqlik də açıq şəkildə əks olunmuşdu.

“Ermənistan təşkilatda aktiv iştirak etməyi və onun müqavilə bazasını təkmilləşdirməyi öhdəsinə götürürdü. Lakin 2026-cı il seçki proqramında bu yanaşma tamamilə dəyişib.

Yeni sənəddə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyünün dondurulduğu rəsmən təsbit edilir və hakimiyyət həmin quruma aktiv şəkildə qayıdış üçün addım atılmayacağını açıq bəyan edir. Bu isə onilliklər boyu Ermənistanın xarici siyasətinin əsas sütunu hesab olunan çoxtərəfli təhlükəsizlik sistemindən prinsipial imtina anlamına gəlir”, - deyə məqalədə vurğulanıb.

Məlumata görə, Moskva ilə münasibətlərdə də əvvəlki strateji və hərbi müttəfiqlik ritorikası dəyişdirilib.

“Hazırda Rusiya ilə münasibətlər “konstruktiv transformasiya mərhələsində olan proses” kimi təqdim edilir. Hakim qüvvə artıq birgə qoşun qruplaşmalarından və sərhədlərin birgə qorunmasından danışmır, yalnız “qarşılıqlı faydalı konstruktiv münasibətlərin” inkişaf etdirilməsini hədəf kimi göstərir”, - deyə məlumatda qeyd olunub.

“News.am” bildirib ki, seçkilərdə iştirak edən “Respublika” partiyası isə Rusiya ilə münasibətlərdə daha sərt mövqe sərgiləyir.

“Bu partiya “Vətəndaş Müqaviləsi” ilə koalisiya yaratmaq niyyətini açıqlayan yeganə siyasi qüvvədir və hakim partiya buna qarşı çıxmayıb. “Respublika” partiyasının proqramında 2026-cı il dekabrın 1-dək Rusiya ilə birgə hava hücumundan müdafiə sistemindən çıxmaq, həmçinin bir il ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmək təklif olunur.

Partiya həmçinin Rusiya ilə mövcud vəziyyətə uyğun yeni geniş əməkdaşlıq sazişi imzalamağı, müstəqillikdən sonra bağlanan müqavilələrin ləğv edilməsini, MDB və Avrasiya İqtisadi Birliyindən çıxmağı təklif edir. Sənəddə qeyd olunur ki, iqtisadiyyatın problemsiz keçidinin 2031-ci ilə qədər təmin edilməsi nəzərdə tutulur”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin