Ordu.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Urbisiddən dirçəlişə: Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf” mövzusunda tədbirdə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
E.Hüseynov qeyd edib ki, ərazilərdəki dağıntılar yalnız yerüstü tikililərlə məhdudlaşmayıb.
“Vandalizm yerin altındakı infrastrukturu da əhatə edib. Bütün borular, kommunikasiya xətləri və mühəndis şəbəkələri dağıdılmışdı. Onların yenidən qurulması uzun müddət və böyük resurslar tələb etdi”, – deyə o vurğulayıb.
Xüsusi nümayəndə bildirib ki, Azərbaycanın bərpa modelinin əsas prinsiplərindən biri müasir texnologiyaların tətbiqidir.
“Yenidənqurma keçmişdə mövcud olmuş standartların bərpası ilə kifayətlənməməlidir. Dünya dəyişir, texnologiyalar inkişaf edir və biz ən müasir həllərdən istifadə etməliyik ki, daha keyfiyyətli nəticələri daha qısa müddətdə əldə edə bilək”, – deyə E.Hüseynov əlavə edib.
O həmçinin vurğulayıb ki, bərpa və yenidənqurma layihələrinin uğuru insanların prosesə cəlb olunmasından asılıdır.İnsanlar eşidilməli, onların fikirləri nəzərə alınmalı və onlar bu prosesin fəal iştirakçılarına çevrilməlidirlər. Yalnız bu halda yaradılan yaşayış məkanları dayanıqlı və uzunömürlü ola bilər.
Ordu.az