Ordu.az xəbər verir ki, bölgədə keçirilən birgə təlimlər, Tayvan administrasiyasının milyardlarla dollarlıq silah fondu qərarı, Yaponiyanın müdafiə əməkdaşlığı addımları və ABŞ Prezidenti Donald Tramp ilə Çin Sədri Si Cinpin arasındakı görüş hazırlıqları Hind-Sakit okean təhlükəsizlik arxitekturasına qlobal marağı artırıb.
ABŞ və Yaponiya Filippində keçirilən Balikatan təlimləri çərçivəsində ilk dəfə “Typhon” raket sistemi vasitəsilə “Tomahawk” qanadlı raketini və gəmi batırma qabiliyyətinə malik “Type 88” raketlərini atıb. Təlim Vaşinqton və müttəfiqlərinin bölgədə çəkindirmə qabiliyyətini gücləndirmək səylərinin bir hissəsi kimi qiymətləndirilərkən, Pekin rəhbərliyi bu addımı təxribatçı sayıb.
Bölgədə müdafiə diplomatiyası da sürətlənib. Yaponiya silah ixracı məhdudiyyətlərini yumşaltdıqdan sonra İndoneziya ilə yeni müdafiə əməkdaşlığı sazişi imzalayıb. Eyni dövrdə Tayvan administrasiyasının parlamenti silah tədarükü üçün 25 milyard dollarlıq xüsusi fondu təsdiqləyib. Qərar Vaşinqtonda bəzi dairələrin Ağ Evə Tayvan administrasiyasına yönəlmiş müdafiə satışlarının sürətləndirilməsi çağırışı etdiyi bir zamanda verilib.
Trampın Si ilə keçirəcəyi gözlənilən görüş də diqqətlə izlənilir. Görüşlərdə süni zəka, nüvə silahları, iqtisadi sabitlik, ticarət və kənd təsərrüfatı kimi mövzuların müzakirə olunacağı gözlənilir. Analitiklər xüsusilə Tayvan mövzusunda istifadə ediləcək diplomatik dilin bazarlar və təhlükəsizlik dairələri tərəfindən yaxından izlənəcəyini bildirir.
Çin Xarici İşlər Nazirliyi isə Yaponiyanın yenidən silahlanma prosesinə reaksiya verərək bu inkişafları “sülhə və nizama hücum edən boz kərgədan” kimi xarakterizə edib. Pekin rəhbərliyi bölgədə artan hərbi fəallıqdan narahatlığını son həftələrdə daha açıq şəkildə dilə gətirir.
Mütəxəssislərə görə Tramp administrasiyasının hərbi və diplomatik diqqətini müvəqqəti olaraq Qərb yarımkürəsi və Yaxın Şərqə yönəltməsi Hind-Sakit okeanda güc balansında yeni boşluqlar yarada bilər. Bununla belə, Vaşinqtonun Çini uzunmüddətli strateji rəqib kimi görməyə davam etdiyi qiymətləndirilir.
Nüvə Təhdidi Təşəbbüsünün rəhbəri və ABŞ Ordusunun keçmiş katibi Kristin Vormut ABŞ-Çin münasibətlərini “dünyadakı ən vacib münasibət” adlandırıb. Vormut deyib: “Bu münasibətin yaxşı, yoxsa pis getməsi amerikalılar üçün çox vacibdir”.
O, həmçinin Tramp və Si görüşündə Tayvanla bağlı istifadə olunacaq ifadələrin kritik olacağını bildirib: “İki liderin Tayvan barədə nə deyəcəyi və ya nə deməyəcəyi yaxından izlənəcək”.
Trampa Çin səfərində Amerika müdafiə və texnologiya sektorundan yüksək səviyyəli rəhbərlərin də müşayiət etməsi gözlənilir. Bildirilən adlar arasında NVIDIA rəhbəri Censen Huanq, “Boeing” rəhbəri Kelli Ortberq və “GE Aerospace” rəhbəri Lerri Kulp yer alıb.
Keçmiş Pentaqon rəsmisi Qrant Rumli isə Tramp administrasiyasının Pekinlə iqtisadi gərginliyi nəzarətli şəkildə idarə etməyə çalışdığını bildirib. Rumli deyib: “Trampın Çinlə bir növ iqtisadi razılaşma axtardığı açıq şəkildə görünür”.
Rumliyə görə Çinin kritik minerallara yönəlik ixrac məhdudiyyətləri ABŞ-Çin rəqabətinin mahiyyətini dəyişib. “Kritik minerallar yasağı ABŞ-Çin rəqabətini boks matçından marafona çevirdi”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az