Ukraynadan “Patriot” sisteminə daha ucuz alternativ: FP-7.X

2026/06/1780838857.jpg
Oxunub: 369     17:19     07 İyun 2026    
“Patriot” zenit-raket kompleksləri üçün nəzərdə tutulan raketlərin çatışmazlığı Ukraynanın Rusiya ballistik raketlərinə qarşı müdafiəsini çətinləşdirərkən, Ukraynanın “Fire Point” şirkəti yeni FP-7.X raketinin sınaq uçuşunu nümayiş etdirib.

Ordu.az xəbər verir ki, şirkət iyunun 3-də “X” sosial şəbəkəsində yayımladığı video ilə “Freya” Layihəsi çərçivəsində hazırlanmış FP-7.X raketini ictimaiyyətə təqdim edib.

Layihənin məqsədi həm Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək, həm də Avropanın raketdən müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmaqdır. Məlumata görə, FP-7.X Sovet istehsalı olan S-400 zenit-raket sistemində istifadə edilən 48N6 raketi əsasında hazırlanıb.

Sistemin erkən xəbərdarlıq və izləmə üçün Almaniyanın “Hensoldt” şirkətinin TRML-4D radarından və Fransanın” Thales” şirkətinin “Ground Master 400” radarından istifadə etməsi planlaşdırılır. Hədəf aşkarlanması üçün İtaliyanın “Leonardo” şirkətinin “Kronos” yerüstü radarı, komanda-idarəetmə üçün isə Norveçin “Kongsberg” şirkətinin Atəş Paylama Mərkəzinin NATO-nun “Link 16” infrastrukturu ilə inteqrasiyası nəzərdə tutulur.

Almaniyanın “Diehl Defence” şirkəti “Fire Point” ilə imzaladığı texnologiya əməkdaşlığı çərçivəsində raketin son mərhələ tuşlama başlığını təmin edə bilər. Sistem şaquli inteqrasiyadan fərqli olaraq açıq proqram təminatı və Avropada mövcud olan hazır texnologiyalardan istifadə edən modelə əsaslanır.

Layihənin iqtisadi tərəfi də diqqət çəkir. Almaniyanın 2024-cü ildə imzaladığı müqaviləyə əsasən 120 ədəd PAC-3 MSE raketi üçün təxminən 880 milyon dollar ödənilib ki, bu da bir raketin təxminən 7,3 milyon dollara başa gəldiyini göstərir. Lakin bu məbləğə logistika, zəmanət və digər xidmətlərin də daxil olduğu qeyd edilir.

Əgər bir “Patriot” raketinin hədəfi vurma ehtimalı 70 faiz qəbul olunarsa və 90 faiz nəticə əldə etmək üçün iki raket buraxılması tələb edilərsə, bir hədəfə qarşı “salvo” dəyəri 14,6 milyon dollara çatır. “Fire Point” isə raketin bir milyon dollara istehsal olunmasını hədəfləyir.

Bu halda 50 faiz vurma ehtimalı ilə eyni nəticəyə nail olmaq üçün dörd raket kifayət edir və ümumi xərc 4 milyon dollar təşkil edir ki, bu da “Patriot” “salvo” dəyərinin təxminən 27 faizinə bərabərdir. Bununla belə, ballistik raketdən müdafiə sahəsinin tarixi təcrübəsi bu cür iddialara ehtiyatla yanaşmağı tələb edir.

“Patriot” sistemi 1991-ci il Körfəz müharibəsində ilkin olaraq yüksək effektivlik nümayiş etdirmiş kimi təqdim olunsa da, sonrakı müstəqil araşdırmalar real vurma göstəricilərinin xeyli aşağı olduğunu ortaya qoymuşdu. 2003-cü ilə qədər sistem İraqın ballistik raketlərinə qarşı daha effektiv nəticələr göstərsə də, dost atəşi hadisələri onun nüfuzuna mənfi təsir etmişdi.

“Patriot” yalnız onilliklər ərzində aparılan ardıcıl modernizasiya və inkişaf proqramları sayəsində öz effektivliyini sübut edə bilib. “Aster 30” əsaslı SAMP/T sistemi də Ukraynada ilk dəfə ballistik raket təhdidi ilə üzləşdikdə gözlənilən nəticələri verməmişdi və hazırda əlavə təkmilləşdirmələr üzərində iş aparılır.

Mütəxəssislərin fikrincə, “Fire Point” layihəsinin uğuru bu tarixi tendensiyanı dəyişə bilib-bilməyəcəyindən asılı olacaq. Ukrayna müdafiə sənayesi müharibə şəraitində yüksək innovasiya tempi nümayiş etdirsə də, qısa müddətdə ballistik raketlərə qarşı 30 faizlik vurma göstəricisinə belə nail olmaq texnoloji baxımdan son dərəcə çətin hədəf hesab olunur.

“Freya” Layihəsinin real döyüş şəraitində göstərəcəyi nəticələr Avropanın gələcək hava və raketdən müdafiə arxitekturası üçün mühüm sınaq olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Patriot   FP-7-X  


Bizi "telegram"da izləyin