Ordu.az xəbər verir ki, STM-nin baş podratçılığı ilə Malayziya Kral Hərbi Dəniz Qüvvələri üçün həyata keçirilən LMS “Batch-2” (Sahil Missiya Gəmisi Mərhələ-2) proqramı çərçivəsində tikilən ikinci korvetin suya buraxılması münasibətilə İstanbul Dənizçilik Tərsanəsində mərasim təşkil olunub.
Tədbirdə Malayziyanın Selanqor ştatının sultanı Şərəfəddin İdris Şah, Malayziya müdafiə nazirinin müavini Haci Adli bin Zahari, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədr müavinləri İhsan Kaya və Mustafa Murad Şəkər, Malayziya Kral Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Tan Sri Zulhelmi bin İthnain, STM-nin baş direktoru Özgür Güləryüz, hər iki ölkənin hərbi nümayəndə heyətləri və müdafiə sənayesi şirkətlərinin nümayəndələri iştirak ediblər.
Malayziyanın müdafiə nazirinin müavini Haci Adli bin Zahari çıxışında bildirib ki, Malayziya Korvet Layihəsi iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın tarixi dönüş nöqtəsidir və Malayziya Kral Hərbi Dəniz Qüvvələri üçün döyüş gəmilərinin tədarükündə ilk ortaq layihəni təmsil edir.
Onun sözlərinə görə, ilk gəminin uğurla suya buraxılması və ikinci gəmi üçün mərasimin planlaşdırıldığı kimi keçirilməsi layihənin uğurla davam etdiyini göstərir.
“Bu müsbət dinamikanın davam edəcəyinə və 2027-ci ilin sonunadək hər üç gəminin təhvil verilməsi ilə layihənin uğurla tamamlanacağına inanıram”, - deyə Zahari bildirib.
O vurğulayıb ki, Türkiyə müdafiə sənayesində əldə etdiyi nailiyyətlər və özünü təmin edən müdafiə istehsalçısı kimi tanınır.
“Malayziya üçün bu əməkdaşlıq müdafiə sənayemizin qabaqcıl bilik mübadiləsi və effektiv texnologiyalar vasitəsilə gücləndirilməsində əsas rol oynayacaq. Ümid edirəm ki, əməkdaşlıq müdafiə sahəsini aşaraq digər potensial təşəbbüsləri də əhatə edəcək”, - deyə o əlavə edib.
Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədr müavini Mustafa Murad Şəkər isə bildirib ki, layihənin ilk korveti mayın 24-də suya buraxılıb və ikinci korvetin suya endirilməsi daha bir mühüm mərhələnin tamamlanması deməkdir.
Şəkər qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə müdafiə sənayesi innovativ texnologiyalar və qabaqcıl həllər inkişaf etdirərək böyük irəliləyiş əldə edib.
Onun sözlərinə görə, 4 mindən çox şirkəti əhatə edən müdafiə sənayesi ekosistemi NATO standartlarına uyğun həllər təqdim edir və qlobal bazarda uğurla rəqabət aparır. Şəkər Türkiyənin gəmiqayırma sahəsində dünyanın aparıcı ölkələrindən biri kimi tanındığını da vurğulayıb.
“Türkiyə tərsanələri hazırda həm Türkiyə Hərbi Dəniz Qüvvələrinin, həm də dost və müttəfiq ölkələrin ehtiyaclarını qarşılamaq üçün 50-dən çox dəniz platformasının eyni vaxtda tikintisini həyata keçirir”, - deyə o bildirib.
O əlavə edib ki, Türkiyə yalnız müdafiə məhsullarının təchizatçısı deyil, həm də texnologiya transferi, birgə istehsal və uzunmüddətli strateji tərəfdaşlıq prinsiplərinə sadiq etibarlı tərəfdaşdır. Şəkər Malayziya ilə qurulan müdafiə sənayesi əməkdaşlığının bunun bariz nümunəsi olduğunu qeyd edib.
Onun sözlərinə görə, üçüncü korvetin bu ilin avqust ayında suya buraxılması planlaşdırılır və bu istehsal tempi hər üç platformanın 2027-ci ilədək təhvil veriləcəyinə dair öhdəliyin göstəricisidir.
STM-nin baş direktoru Özgür Güləryüz isə bildirib ki, bu mərasim Türkiyə ilə Malayziya arasında mövcud olan möhkəm əməkdaşlığın daha da güclənməsinin göstəricisidir.
O xatırladıb ki, Türkiyə ilə Malayziya arasında ilk dövlətlərarası müdafiə ticarəti sazişi çərçivəsində həyata keçirilən və Türkiyənin Asiya-Sakit okean regionuna ilk korvet ixracı hesab olunan layihənin ilk gəmisi TUNKU LAKSAMANA ABDUL JALIL iki həftə əvvəl suya buraxılıb.
“Bu gün isə ikinci gəmi olan ‘RAJA LAUT’u suya buraxmaq STM-nin mühəndislik və logistika imkanlarının göstəricisidir. Bu sürətlə üçüncü gəmini avqust ayında suya buraxmağı və hər üç gəmini 2027-ci ildə təhvil verməyi planlaşdırırıq”, - deyə Güləryüz bildirib.
Çıxışlardan sonra mərasim iştirakçılarının iştirakı ilə gəminin suya buraxılması prosesi tamamlanıb. Layihə çərçivəsində gəmilərə Malayziya tarixində mühüm rol oynamış şəxslərin adları verilir.
İlk gəmi Malayziya kralı Sultan İbrahimin 2015-ci ildə vəfat etmiş və “şahzadə-admiral” titulunu daşımış oğlu Tunku Laksamana Abdul Jalilin adını daşıyır.
Bu gün suya buraxılan ikinci gəmiyə isə XIX əsrdə Selanqorun idarəçiliyində və regional dəniz ticarətində mühüm rol oynamış tarixi şəxsiyyət Raja Lautun adı verilib.
MİLGEM layihəsi çərçivəsində öz döyüş gəmisini layihələndirib istehsal edə bilən dünyanın 10 ölkəsindən birinə çevrilən Türkiyə müdafiə sənayesinin ixrac potensialını da genişləndirir.
2024-cü il iyunun 10-da Ankara şəhərində Türkiyə ilə Malayziya arasında müdafiə məhsullarının dövlətlərarası tədarükünə dair memorandum və LMS “Batch-2” layihəsinin qəbul məktubunun təqdimat mərasimi keçirilib. Gəmilərin təməlqoyma mərasimi 2024-cü il dekabrın 4-də, blokların qoyulması mərasimi isə 2025-ci il aprelin 8-də İstanbulda baş tutub. Layihənin ilk gəmisi bu il mayın 24-də suya buraxılıb.
STM tərəfindən Malayziya Kral Hərbi Dəniz Qüvvələrinin tələblərinə uyğun layihələndirilən və fərdiləşdirilən üç korvet İstanbul Dənizçilik Tərsanəsində inşa edilir. STM layihənin layihələndirmədən başlayaraq tikinti, inteqrasiya, sınaq və təhvil mərhələlərinədək bütün proseslərinə cavabdeh baş podratçıdır.
Layihə çərçivəsində gəmilərdə ASELSAN istehsalı olan 30 mm-lik MUHAFIZ uzaqdan idarə olunan top sistemi, CENK 3D axtarış radarı, ARES 2D radar elektron dəstək sistemi, Akrep atəş idarəetmə radarı, saxta hədəf sistemi, dost-düşmən tanıma sistemi və digər elektron sensorlar quraşdırılacaq.
Bundan əlavə, ROKETSAN istehsalı olan ATMACA gəmi əleyhinə raket kompleksi, HAVELSAN tərəfindən hazırlanmış Döyüş İdarəetmə Sistemi və 76 mm-lik topun atəş idarəetmə sistemi də korvetlərin silahlanmasına daxil ediləcək.
Gəmilər 99,56 metr uzunluğa, 2500 ton subasımı qabiliyyətinə, 26 düyün maksimal sürətə, helikopter eniş meydançasına və 111 nəfərlik heyət tutumuna malik olacaq.
Sevinc Əliyeva
Ordu.az