Ordu.az xəbər verir ki, şirkət logistika və kəşfiyyat yönümlü məhsul portfelini genişləndirərək döyüş və kamikadze platformaları seqmentinə daxil olur.
“Hartpunkt” nəşrinin məlumatına görə, gələn həftə Berlində keçiriləcək ILA 2026 aviasiya sərgisində silahlandırıla bilən və “istəyə bağlı pilotlu” istifadəyə imkan verən “Pulse” P19 PUA-sı nümayiş etdiriləcək.
Şirkət yaxın günlərdə platforma haqqında məhdud məlumat paylaşsa da, yayımlanan tanıtım videosu onun əsas xüsusiyyətlərini ortaya qoyub. Videoda fiziki kabina, burun hissəsində yerləşdirilmiş pərli mühərrik və qanadlarda ən azı altı sursat və ya faydalı yük asqısı görünür.
Göstərilən konfiqurasiyada hər qanadda bir missiya modulu və ya əlavə yanacaq çəni, bir raket bloku və xarici asqılarda idarəolunan raketlər yer alır. “Quantum Systems”in baş icraçı direktoru Florian Zaybelin paylaşdığı məlumata görə, “Pulse” P19 həm pilot tərəfindən idarə oluna, həm də tam avtonom rejimdə fəaliyyət göstərə bilər.
Platformanın əsas xüsusiyyətləri bunlardır:
- elastik idarəetmə arxitekturası,
- insanlı və insansız komanda işi (MUM-T) qabiliyyəti,
- virtual reallıq dəstəkli pilot hazırlığı,
- “Quantum Systems”in MOSAIC UXS proqram təminatı ilə inteqrasiya,
- 18 saatdan artıq uzunmüddətli uçuş imkanı.
“Pulse” P19-un vəzifələri sırasında pilotsuz aparatlara qarşı mübarizə, yüngül dəqiq zərbələr, dəniz müşahidəsi və uzaqmənzilli kəşfiyyat tapşırıqları yer alır. 18 saatdan artıq uçuş müddəti onun daxiliyanma mühərriki ilə təchiz olunduğunu göstərən əsas göstəricilərdən biri hesab edilir.
Sevinc Əliyeva
Ordu.az