Ordu.az xəbər verir ki, təlimlərdə iştirak edəcək ən diqqətçəkən platformalardan biri isə ASELSAN istehsalı olan GÖKDENİZ Yaxın Hava Hücumundan Müdafiə Sistemi ilə təchiz edilmiş BRP “Miguel Malvar” (FFG-06) freqatı olacaq.
2026-cı il iyunun 4-də Zambales bölgəsində yerləşən Subic Freeport Dəniz Əməliyyatları Bazasında keçirilən mərasimlə Filippin Hərbi Dəniz Qüvvələrinin təlimə qatılacaq gəmiləri yola salınıb.
Mərasim Filippin Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Xose Ma Ambrosio Q. Ezpeletanın rəhbərliyi ilə keçirilib. Tədbirdə ekipaj üzvləri, dəstək heyəti və qonaqlar iştirak ediblər.
Vitse-admiral Ezpeleta çıxışında RIMPAC təlimlərinin strateji əhəmiyyətini vurğulayaraq bildirib: “RIMPAC təlimlərinə sonuncu dəfə 2022-ci ildə qatılmışdıq. Bu səbəbdən bugünkü mərasim bizim üçün xüsusi əhəmiyyət daşıyır. Təlimlərə qayıdışımız “Yelkən Planı 2040” çərçivəsində etibarlı tərəfdaş olmaq öhdəliyimizi nümayiş etdirir və azad, açıq Hind-Sakit okean bölgəsi üçün dəniz əməkdaşlığını gücləndirir”.
Filippin Hərbi Dəniz Qüvvələrinin bölmələri dünyanın müxtəlif ölkələrindən olan müttəfiq donanmalarla birlikdə peşəkar təcrübə mübadiləsi aparacaq və mürəkkəb əməliyyat ssenarilərini icra edəcəklər.
Qeyd olunur ki, builki RIMPAC təlimləri Filippin Sahil Mühafizəsinin ilk dəfə tədbirdə iştirak etməsi baxımından da tarixi əhəmiyyət daşıyır.
Ezpeleta şəxsi heyətə müraciət edərək intizam və peşəkarlığın vacibliyini vurğulayıb və onların ölkəni ən yüksək səviyyədə təmsil edəcəklərinə əmin olduğunu bildirib. “Əminəm ki, hər bir dənizçimiz və piyadamız peşəkar və uzaqgörən yanaşma nümayiş etdirərək Filippinin dəniz imkanlarında yeni dövrü təmsil edəcək”, - deyə o qeyd edib.
2026-cı il iyulun 24-dən 31-dək keçiriləcək və sayca 30-cu olacaq RIMPAC təlimlərində 31 ölkədən 40-dan çox döyüş gəmisi və 25 mindən artıq hərbi qulluqçu iştirak edəcək.
GÖKDENİZ sistemi haqqında
GÖKDENİZ 35 mm çaplı ATOM qəlpəli sursatlardan istifadə edən yaxın məsafəli müdafiə sistemidir. Sistem gəmini hədəfə alan gəmi əleyhinə raketləri məhv etmək qabiliyyətinə malikdir. Avtomatik konveyerli ötürmə mexanizmi sayəsində sistemə eyni vaxtda həm ATOM qəlpəli sursatları, həm də yüksək partlayıcı təsirli klassik mərmilər yüklənə bilir və hədəfin növünə uyğun sursat seçilir.
GÖKDENİZ stabilləşdirilmiş silah qülləsi ilə təchiz olunub. Atəşi İdarəetmə Radarı və elektro-optik sensorları özündə birləşdirən inteqrə edilmiş izləmə platforması yüksək dəqiqlikli hədəf izlənməsini təmin edir. Bundan əlavə, sistemə 3 ölçülü axtarış radarı da inteqrasiya edilə bilər.
35 mm çaplı KDC-02 tipli iki lüləli silah sistemi dəqiqədə 1100 atəş açmaq imkanına malikdir. GÖKDENİZ yalnız gəmi əleyhinə raketlərə qarşı deyil, həmçinin helikopterlərə, təyyarələrə, pilotsuz uçuş aparatlarına və suüstü vasitələrə qarşı da gəminin müdafiəsini effektiv şəkildə təmin edə bilir.
Bu xüsusiyyətləri sayəsində GÖKDENİZ beynəlxalq bazarda diqqət cəlb edir. Sistem Filippin də daxil olmaqla müxtəlif ölkələrin hərbi dəniz qüvvələri tərəfindən böyük maraqla qarşılanır və beynəlxalq arenada üstünlük verilən müdafiə həllərindən biri kimi ön plana çıxır.
Sevinc Əliyeva
Ordu.az