“Bu, AİB-də iştirakın dondurulmasına bərabər olacaq” - Köçəryan

2026/05/1780126517.jpg
Oxunub: 254     14:15     07 İyun 2026    
Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan ölkənin Avropa istiqamətində hərəkəti barədə bəyanatları “gözəl qablaşdırılmış nağıl” adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə o, parlament seçkilərində səs verdikdən sonra jurnalistlərlə söhbətində danışıb.

Köçəryan bildirib ki, avrointeqrasiya ilə bağlı vədlər reallıqdan uzaqdır.

“Bu, qələbə deyil. Bu, sağlam düşüncənin və dövlət inkişafının məğlubiyyətidir. Yaxın 20-30 il ərzində perspektivi görünməyən bir şeyi insanlara təqdim edirlər”, - deyə erməni siyasətçi bildirib.

Onun sözlərinə görə, əgər belə “qələbənin” qiyməti bütün məsələlərdə patoloji yalançı hesab etdiyi bir şəxsin hakimiyyətdə qalmasıdırsa, bu, ölkə üçün fəlakət olacaq.

Rusiya ilə ticarət və ixrac məsələlərinə toxunan Köçəryan qeyd edib ki, Paşinyan problemləri texniki məsələlər kimi təqdim etməyə çalışır.

“Bunlar texniki məsələlər deyil”, - deyə o vurğulayıb.

Köçəryan xatırladıb ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakın dondurulması ilə bağlı qərar qəbul edib, halbuki bunun üçün ayrıca prosedur mövcud deyil.

“Rusiya Ermənistanla bütün münasibətləri və iqtisadi əlaqələri dondursa nə baş verəcəyini təsəvvür edin”, - deyə o bildirib.

Erməni siyasətçinin sözlərinə görə, Moskva bunu etsə, nəticə Avrasiya İqtisadi Birliyində iştirakın dondurulmasına bərabər olacaq.

“Dövriyyənin 95 faizi Rusiya ilədir, Avrasiya İqtisadi Birliyi ilə deyil. Bu halda öz istəyimizlə birlikdən çıxacağımız vəziyyətdən daha pis vəziyyətə düşəcəyik”, - deyə Köçəryan xəbərdarlıq edib.

Avropa İttifaqının Ermənistana yardım göstərməyə hazır olması barədə bəyanatlara münasibət bildirən erməni siyasətçi qeyd edib ki, heç kim bu prosesi maliyyələşdirməyəcək, vəd edilən 50 milyon avro isə seçkiqabağı vəddən başqa bir şey deyil.

O, həmçinin xatırladıb ki, bir neçə gün əvvəl Aİ üzvü olan Macarıstan miqrantların, o cümlədən Ermənistan vətəndaşlarının ölkəyə girişini ciddi şəkildə məhdudlaşdırmaq barədə qərar qəbul edib.

“Bunlar xalqı növbəti dəfə aldatmaq üçün danışılan nağıllardır”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin