Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Hərbi Dəniz Qüvvələrinin Texniki Komandanı kontr-admiral Hakan Uçar Böyük Britaniyanın Farnboro şəhərində keçirilən “Combined Naval Event (CNE) 2026” tədbirində məlumat verib.
O, layihənin son vəziyyəti, yenilənmiş texniki xüsusiyyətləri və davam edən tikinti işləri barədə təqdimatla çıxış edib.
Təqdim olunan qrafikə əsasən, MUGEM layihəsi 2023-cü ildə konsepsiyanın hazırlanması, texniki-iqtisadi əsaslandırma və alternativ variantların təhlili ilə başlayıb. Konsepsiya və ilkin layihələndirmə mərhələlərindən sonra layihə detallı layihələndirmə mərhələsinə keçib.
Gəminin tikinti, sınaq və təsdiqləmə prosesləri başa çatdıqdan sonra 2032-ci ildə təhvil verilməsi nəzərdə tutulur. Bu tarix daha əvvəl “İstanbul” Gəmiqayırma Zavodunun komandanı kontr-admiral Erdinç Yetkin tərəfindən səsləndirilən 2030-cu ildən sonrakı təhvil proqnozunu da təsdiqləyir.
Yenilənmiş məlumatlara görə, MUGEM:
- 285 metr uzunluğa,
- 72 metr maksimal enə,
- 10,1 metr suya oturma dərinliyinə,
- 60 min ton subasımı qabiliyyətinə malik olacaq.
Gəminin maksimal sürətinin 26 düyündən çox, normal sürətinin isə 14 düyün olması planlaşdırılır. Mənzilin 14 düyün sürətlə 10 min dəniz mili olacağı bildirilib.
Təqdimatda diqqət çəkən məqamlardan biri də şəxsi heyətin sayının artırılması olub. Əvvəllər təxminən 800 nəfərlik ekipaj nəzərdə tutulurdusa, yeni təqdimatda ümumi şəxsi heyətin 2500 nəfər olacağı açıqlanıb. Bu rəqəmə gəmi heyəti ilə yanaşı, hava qrupu, qərargah elementləri və digər yerləşdirilmiş bölmələr də daxildir.
Yenilənmiş layihəyə əsasən, MUGEM ümumilikdə 52 hava platformasına ev sahibliyi edəcək.
Hava qrupuna aşağıdakılar daxil olacaq:
- Dəniz əsaslı HÜRJET,
- “Bayraktar” KIZILELMA,
- ANKA-3,
- “Bayraktar” TB3.
Gəmidə STOBAR (Qısa Uçuş və Əyləc Qarmağı ilə Enmə) konsepsiyasından istifadə olunacaq. Hava vasitələri 12 dərəcəlik tramplindən havaya qalxacaq, eniş isə tutucu sistem vasitəsilə həyata keçiriləcək.
Uçuş göyərtəsində üç qalxış xətti və bir eniş zolağı olacaq. Layihənin tamamilə yerli hava platformalarına uyğun şəkildə hazırlandığı vurğulanıb.
Təqdimatda diqqət çəkən yeniliklərdən biri də “Çoxsahəli Aviadaşıyıcı Gəmi” konsepsiyası olub.
MUGEM yalnız pilotlu və pilotsuz uçuş aparatlarını deyil, həm də insansız suüstü və sualtı platformaları da yerləşdirə və idarə edə biləcək.
Bildirilib ki, gəmi şəbəkə mərkəzli müharibə konsepsiyası çərçivəsində insanlı və insansız sistemləri vahid komanda-idarəetmə arxitekturası altında idarə edəcək. Döyüş idarəetmə sistemi kimi milli ADVENT platformasından istifadə olunacaq.
Kontr-admiral Hakan Uçarın sözlərinə görə, layihə üzrə geniş mühəndislik işləri davam etdirilir.
Gəminin gövdə formasının optimallaşdırılması üçün hovuz sınaqları və hesablama maye dinamikası analizləri aparılıb. Məqsəd yüksək sürətlərdə göyərtəyə su sıçramasının qarşısını almaq, dənizçilik göstəricilərini qorumaq və əlavə müqaviməti azaltmaqdır.
Pərin tamamilə Hərbi Dəniz Qüvvələrinin imkanları ilə hazırlandığı, 70 faizdən çox səmərəliliyə malik səssiz pərin yaradılmasının hədəfləndiyi bildirilib.
Bundan başqa, Orta Doğu Texniki Universiteti ilə birlikdə külək tuneli sınaqları, hava axını analizləri və uçuş zərfi tədqiqatları həyata keçirilir. Analizlərə görə, gəmi Sea State 6 səviyyəsində dəniz şəraitində belə uçuş əməliyyatlarını davam etdirə biləcək.
MUGEM-də yüksək səviyyədə yerli sensor və silah sistemlərindən istifadə ediləcək.
Gəmidə:
- ÇAFRAD çoxfunksiyalı radar sistemi,
- uzaqmənzilli radarlar,
- radioelektron dəstək və radioelektron hücum sistemləri,
- infraqırmızı izləmə sistemləri,
- elektro-optik sensorlar,
- X, “Ku” və “Ka” diapazonlu peyk rabitə sistemləri,
- aşağı radara görünmə qabiliyyətli radarlar yerləşdiriləcək.
Yaxın müdafiə imkanları çərçivəsində isə iki ədəd 16 hüceyrəli MİDLAS şaquli buraxılış sistemi, üç yaxın hava hücumundan müdafiə sistemi, dörd uzaqdan idarə olunan silah sistemi və iki nöqtəvi hava hücumundan müdafiə sistemi quraşdırılacaq.
MUGEM-in tibbi infrastrukturu da diqqət çəkir. “Role 2 Enhanced” səviyyəsində səhiyyə kompleksi ilə təchiz ediləcək gəmidə:
- iki əməliyyat otağı,
- iki stomatoloji klinika,
- reanimasiya bölməsi,
- yanıq müalicə mərkəzi,
- radiologiya bölmələri,
- izolyasiya otağı,
- 30 çarpayılıq stasionar bölmə,
- laboratoriya və aptek fəaliyyət göstərəcək.
Bu imkanlar MUGEM-ə uzunmüddətli missiyalar zamanı mühüm tibbi dəstək mərkəzi kimi fəaliyyət göstərməyə şərait yaradacaq.
Təqdimatda nümayiş etdirilən fotolar MUGEM-in tikintisinin artıq faktiki olaraq başladığını göstərib. “İstanbul” Gəmiqayırma Zavodunda çəkildiyi ehtimal olunan görüntülərdə polad blokların istehsalı və montaj işlərinin davam etdiyi müşahidə olunub.
Beləliklə, Türkiyənin indiyədək hazırladığı ən böyük döyüş gəmisi layihəsinin fiziki tikinti mərhələsinə keçdiyi rəsmi şəkildə təsdiqlənib.
2032-ci ildə xidmətə qəbul edilməsi planlaşdırılan MUGEM-in insanlı və insansız platformaları eyni dam altında birləşdirən strukturu ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinin açıq dəniz əməliyyat imkanlarında yeni dövr açacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az