“Referendumun mövzusu yarananda referendum keçiriləcək” - Paşinyan

2026/06/1780817319.jpg
Oxunub: 259     11:27     07 İyun 2026    
“Ermənistanı Avrasiya İqtisadi Birliyindən çıxarmaq mümkün deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də səsvermədən sonra jurnalistlərlə söhbətində bildirib.

“Ermənistanı Avrasiya İqtisadi Birliyindən çıxara bilməzlər, çünki orada qərarlar konsensus əsasında qəbul olunur”, - deyə Paşinyan qeyd edib.

O xatırladıb ki, Ermənistan və digər üzv dövlətlər veto hüququna da malikdirlər.

Paşinyan Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı arasında seçimlə bağlı referendum keçirilməsi məsələsinə də münasibət bildirib.

“Avrasiya İqtisadi Birliyi, yoxsa Avropa İttifaqı ilə bağlı referendum keçirmək üçün əvvəlcə referendumun mövzusu olmalıdır. Bunun üçün Ermənistan ən azı Avropa İttifaqına üzv olmaq üçün rəsmi müraciət etməli və ya namizəd statusuna malik olmalıdır. Hazırda bunların heç biri yoxdur, çünki obyektiv olaraq buna hələ hazır deyilik. O zaman niyə formal olaraq müraciət etməliyik? Səs-küy yaratmaq üçün? Biz islahatlar yolunu sakit şəkildə davam etdirəcəyik və Avropa İttifaqındakı tərəfdaşlarımızın qiymətləndirməsini gözləyəcəyik”, - deyə o vurğulayıb.

Paşinyanın fikrincə, Avrasiya İqtisadi Birliyindəki tərəfdaşlar taktiki baxımdan məsələyə tam düzgün yanaşmırlar və birliklə bağlı Ermənistandakı müsbət rəyin artmasına çalışmaq əvəzinə, onun zəifləməsinə səbəb olurlar.

Çinlə münasibətlər barədə danışan Paşinyan bildirib ki, Avrasiya İqtisadi Birliyi ilə münasibətlərin pisləşəcəyi halda belə, bu, Pekinlə əlaqələrə mənfi təsir göstərməyəcək.

O xatırladıb ki, ötən il Ermənistan və Çin arasında strateji tərəfdaşlıq sazişi imzalanıb.

“Mən əminəm ki, strateji tərəfdaşlıq gələcəkdə də davam edəcək. Hər iki ölkə, xüsusilə də TRIPP (Zəngəzur dəhlzii-red.) layihəsi çərçivəsində bu əməkdaşlıqda maraqlıdır”, - deyə Paşinyan bildirib.

Rusiya tərəfindən Ermənistan kənd təsərrüfatı məhsullarına tətbiq olunan məhdudiyyətlərə toxunan Paşinyan qeyd edib ki, belə məsələlər vaxtaşırı yaranır, lakin Ermənistandakı bəzi siyasi qüvvələr onları süni şəkildə kəskinləşdirməyə çalışırlar.

“Avrasiya İqtisadi Birliyində bu cür işçi xarakterli məsələlər həmişə olur. Birliyin gündəliyində fitosanitar tələblər, standartlar, ixrac və malların mənşəyi ilə bağlı məsələlər daim müzakirə edilir. Əksinə, üzv ölkələr narahatdırlar ki, üçüncü ölkələrdən gətirilən məhsullar birlik ərazisində Avrasiya İqtisadi Birliyi məhsulu kimi rəsmiləşdirilərək digər üzv ölkələrə təkrar ixrac olunmasın”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Seçkilərdə 18 siyasi qüvvə (2 blok və 16 partiya) iştirak edir. Səsvermə hüququna malik vətəndaşların sayı 2 milyon 485 min 851 nəfərdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Referendum  


Bizi "telegram"da izləyin