Ordu.az xəbər verir ki, bu barədə “Independent” nəşri məlumat yayıb.
Məlumata görə, təxminən 3,5 milyard funt sterlinq dəyərində olan aviadaşıyıcı Norveçin Stavanqer limanında dayanarkən texniki nasaz vəziyyətə düşüb.
Böyük Britaniyanın Müdafiə Nazirliyi hadisəni təsdiqləyərək bunu “kiçik texniki problem” adlandırıb.
Qeyd olunub ki, gəmi Şimali Atlantika və Arktika bölgəsində təhlükəsizliyin təmin edilməsi, həmçinin NATO və Birgə Ekspedisiya Qüvvələrinin əməliyyatlarında iştirak məqsədilə Norveçdə yerləşdirilmişdi.
Nazirliyin məlumatına görə, nasazlıq limana növbəti giriş zamanı aşkarlanıb və aviadaşıyıcının yaxın günlərdə üzməyə davam edəcəyi gözlənilir. Problemin xarakteri ilə bağlı əlavə məlumat verilməyib.
HMS “Prince of Wales” daha əvvəl də texniki problemlərlə üzləşib. Belə ki, 2022-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlərə yollanarkən gəmi sıradan çıxmışdı.
Təxminən 65 min ton su tutumuna malik aviadaşıyıcı saatda 25 düyündən artıq sürət yığa, F-35B qırıcıları da daxil olmaqla 72-yə qədər uçuş aparatını daşıya və 1600 nəfərlik heyəti qəbul edə bilir.
Sevinc Əliyeva
Ordu.az