Nigeriya ordusu “Boko Haram”ın girov götürdüyü 360 nəfəri azad edib

2024/05/1716181300.jpg
Oxunub: 229     16:47     07 İyun 2026    
Nigeriya ordusu ölkənin şimal-şərqində yerləşən Borno ştatında “Boko Haram” qruplaşması tərəfindən girov götürülmüş 360 nəfərin azad edildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Əməliyyat silahlı qruplaşmanın əsas dayaq məntəqələrindən biri hesab olunan Mandara dağlarında həyata keçirilib. Azad edilənlər arasında Borno ştatının müxtəlif yaşayış məntəqələrindən oğurlanmış qadınlar və uşaqlar da olub.

Ordunun nümayəndəsi Haruna Sani bildirib ki, iki yeni doğulmuş körpə dağlıq ərazidəki ağır şərait və uzun müddət əsirlikdə qalmanın nəticəsində yaranan tükənmə səbəbindən həyatını itirib.

“Qalan girovlar tibbi yardım və humanitar dəstək almaq üçün təhlükəsiz ərazilərə təxliyə ediliblər. Bu, böyük əməliyyat uğuru və terrorçu qruplaşmaya vurulan ciddi zərbədir”, - deyə o bildirib.

Nigeriya artıq on ildən çoxdur ki, xüsusilə ölkənin şimal bölgələrində ciddi təhlükəsizlik böhranı ilə üzləşir. “Boko Haram”ın fəaliyyəti ilə yanaşı, fidyə məqsədilə adam oğurluğu və faydalı qazıntıların qanunsuz hasilatı ilə məşğul olan silahlı qruplar da təhlükə yaradır.

Ən fəal ekstremist təşkilatlardan biri kimi “Boko Haram”dan ayrılmış və İŞİD terror təşkilatı ilə əlaqəli olan “Qərbi Afrika İslam Dövləti Vilayəti” (ISWAP) qruplaşması da fəaliyyətini davam etdirir.

Ötən ay Nigeriya hakimiyyəti ABŞ ilə birgə həyata keçirilən əməliyyat zamanı ISWAP-a məxsus 175 silahlının məhv edildiyini açıqlamışdı.

BMT-nin məlumatına görə, Nigeriyanın şimal-şərqində silahlı üsyan minlərlə insanın ölümünə və milyonlarla şəxsin öz evlərini tərk etməsinə səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   Boko-Haram  


Bizi "telegram"da izləyin