Sarkisyan: “Müxalifətdə ən çox səs toplayan qüvvəni dəstəkləyəcəyik”

2026/06/1780837046.jpg
Oxunub: 252     16:54     07 İyun 2026    
“Seçkilərdə sərhədlərinin toxunulmazlığını qoruya bilən, vətəndaşlarının təhlükəsizliyini, hüquqlarını və milli ləyaqətini təmin edən Ermənistan naminə səs vermişəm”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan səsvermədən sonra jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, söhbət yalanın və böhtanın qınandığı, fəal siyasi mövqeyin qiymətləndirildiyi Ermənistandan gedir.

“Bu, hakimiyyətin müxalifətin üzərinə məşhur “çirkli pulların yuyulması” maddəsini asmadığı Ermənistandır”, - deyə Sarkisyan bildirib.

Keçmiş erməni prezident qeyd edib ki, ölkədə milli birlik formalaşmalı və insanların hiss etdiyi təzyiq atmosferi aradan qalxmalıdır ki, hər kəs öz fikrini sərbəst ifadə edə bilsin.

Seçkilərdə iştirak etməmək qərarını niyə verdiyi ilə bağlı suala cavabında Sarkisyan bunun səxavət deyil, ayıq hesablamanın nəticəsi olduğunu vurğulayıb.

“Bu gün saat 20:00-dan sonra vətəndaşların nə qədər fəallıq göstərəcəyini görüb nəticələri qiymətləndirə biləcəyik. Əgər seçkilərə 2021-ci illə müqayisədə ən azı 10 faiz çox insan gəlsə, qərarımızın özünü doğrultduğunu hesab edəcəyəm”, - deyə o bildirib.

Sarkisyan seçiciləri səsvermədə iştirak etməyə çağıraraq vurğulayıb ki, hakimiyyətə hansı siyasi qüvvənin gələcəyi bundan asılıdır.

Hakimiyyətin seçki yolu ilə dəyişdirilməsinin mümkün olub-olmaması ilə bağlı suala cavabında keçmiş erməni prezident qeyd edib ki, küçə mübarizəsi məsələsini seçkilərdə iştirak edən siyasi qüvvələr cavablandırmalıdır.

Onun sözlərinə görə, Respublikaçılar Partiyası ən çox səs toplayan müxalif qüvvənin qərarlarını dəstəkləyəcək.

“İlkin nəticələr açıqlanandan sonra bu sualın cavabı da məlum olacaq”, - deyə Sarkisyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin