ABŞ tarixdə ilk dəfə Ukrayna PUA-larını öz ordusu üçün idxal etməyə hazırlaşır

2026/05/1778673594.jpg
Oxunub: 611     15:57     13 May 2026    
Təxminən iki ay əvvəl Donald Tramp Vladimir Zelenskinin İran pilotsuz uçuş aparatlarına qarşı mübarizədə əməkdaşlıq təklifini rədd edərək ABŞ-nin “pilotsuz uçuş aparatlarının imkanlarını hamıdan yaxşı bildiyini” desə də, Pentaqon əslində Ukrayna texnologiyalarına böyük maraq göstərir.

Ordu.az “Financial Times”a istinadən xəbər verir ki, Kiyev və Vaşinqton Ukrayna pilotsuz uçuş aparatlarının sınaq məqsədilə ABŞ ordusuna tədarükünü nəzərdə tutan unikal saziş imzalamağa hazırlaşır.

Niyyət memorandumu layihəsinə Ukraynanın quru, dəniz və hava pilotsuz sistemlərinin ixrac proqramları daxil edilib.

ABŞ Silahlı Qüvvələri gələcək ehtiyaclarını müəyyənləşdirmək üçün həmin sistemlərin “sınağını və qiymətləndirilməsini” həyata keçirməyi planlaşdırır.

İki ölkənin müdafiə qurumları arasında razılaşdırılmış sənəddə Ukrayna texnologiyalarının birgə istehsalı və inkişaf etdirilməsi məsələsində tərəflərin qarşılıqlı marağından bəhs olunur. Bildirilir ki, bu əməkdaşlıq həm ABŞ silahlanmasının yenilənməsinə, həm də Ukraynanın müdafiə innovasiyalarının təşviqinə imkan verəcək.

Son bir ildə Zelenski Trampa ABŞ-də pilotsuz uçuş aparatlarının birgə istehsalını da əhatə edən 50 milyard dollarlıq müqavilə təklif etmişdi.

Hazırkı razılaşma həmin miqyasda olmasa da, layihə müəlliflərinin fikrincə, iki ölkə arasında daha geniş müdafiə tərəfdaşlığı üçün əsas yarada bilər.

Sənədə əsasən, Pentaqonun müvafiq sorğusu olduğu halda iki il ərzində Ukrayna pilotsuz uçuş aparatları “operativ sınaq şəraitində” istifadə edilməlidir.

Hərbi məqsədlərlə gələcək tədarüklərin isə ayrıca müqavilə və ya razılaşmalarla tənzimlənəcəyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin