Rusiya bazarı ilə bağlı siqnallar sərtləşir: Ermənistan biznesi tələyə düşüb?

2026/05/1778502508.jpg
Oxunub: 438     10:06     22 May 2026    
“Hakimiyyət nümayəndələri kef məclisləri ilə məşğul olub az qala günaşırı konsertlər təşkil etdikləri, meydan və küçələrdə mahnı oxuyub rəqs etdikləri bir vaxtda Ermənistan biznesi ağır vəziyyətlə üz-üzə qalıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Biznes hakimiyyətin qurduğu tələyə düşüb” başlıqlı məqaləsində yazıb.

Müəllif yazıb ki, hakimiyyət düşünülməmiş addımları ilə biznes üçün tələ qurub və sonra da kənara çəkilib.

Məqalədə qeyd olunub ki, Nikol Paşinyan Rusiya və Rusiya Prezidenti ilə isti dostluq münasibətləri qurduğu, Ermənistan-Rusiya münasibətlərinin görünməmiş dərəcədə yaxşı vəziyyətdə olduğu təəssüratı yaradır. Halbuki biznesin Rusiya bazarındakı problemləri getdikcə dərinləşir.

“Bu problemlərin əsasında ilk növbədə Ermənistan hakimiyyətinin həyata keçirdiyi anti-Rusiya siyasəti ilə bağlı Rusiya tərəfində yaranmış narahatlıqlar dayanır.

Əgər yaxın vaxtlara qədər bu narahatlıqlar əsasən bəyanatlarla məhdudlaşırdısa, indi tədricən başqa mərhələyə keçir və konkret addımlara çevrilir.

Əgər nəzərə alsaq ki, Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi” nümayəndələri suverenlik adı altında Ermənistan-Rusiya münasibətlərini hansı canfəşanlıqla dağıdırlar, bu, heç də təəccüblü deyil”, - deyə məqalədə vurğulanıb.

Nəşr bildirib ki, Rusiyanı Ermənistandan “nəzakətli şəkildə” çıxarmağa və arxasınca qapını bağlamağa çalışarkən bunu nə qədər gözəl formada təqdim etsələr də, insanlar əsl məqsədləri anlayırlar.

Müəllif yazıb ki, Ermənistan hakimiyyətinin Ermənistan dəmir yolunun konsessiyasının satılması ilə bağlı təklifi ətrafında yaranan həssas reaksiya da təsadüfi deyildi.

“Bundan sonra mövzu sanki bağlandı, lakin çox güman ki, bu, daimi olmayacaq. Rusiyanı Ermənistandan çıxarmağa çalışan hakimiyyət eyni zamanda Rusiya bazarının üstünlüklərindən sərbəst şəkildə yararlanmaq istəyir. Halbuki ölkənin ticarət dövriyyəsinin təxminən yarısı məhz həmin bazarla bağlıdır. Hakimiyyət nəyə ümid edir?

Hakimiyyət özünü aldatmaqla məşğuldur və son illərdə Ermənistanda qeydə alınan iqtisadi artımı öz uğuru hesab edir. Halbuki bu artımın kökləri Rusiyaya gedib çıxır və düşünülməmiş addımlar nəticəsində həmin əlaqələr bir gün qəfil qırıla bilər.

Hakimiyyətin indiki addımları bu prosesi daha da sürətləndirir, halbuki onlar hər şeyin normal olduğunu və Rusiya ilə problem yaşanmadığını göstərməyə çalışırlar.

Problemlər var və artıq bunlar yalnız narahatlıq ifadələri ilə məhdudlaşmır”, - deyə müəllif bildirib.

Məqalədə qeyd olunub ki, bu yaxınlarda “Cermuk”la bağlı məşhur iş yenidən gündəmə gətirilib.

“Təkcə yenidən açılmayıb, eyni zamanda “Cermuk” mineral suyunun 388 min şüşədən ibarət partiyasının satışına qadağa qoyulub. Daha sonra isə təxminən 1,1 milyon şüşədən ibarət daha böyük partiyanın satışına da məhdudiyyət tətbiq olunub. Rəsmi səbəb kimi nümunələrdə məcburi tələblərin pozulmasının aşkarlanması göstərilib.

“Cermuk” mineral suyunun iki partiyasının satışının dayandırılmasından əvvəl Proşyan konyak zavodunun Rusiyadakı filialının istehsal fəaliyyətinin lisenziyası da dayandırılmışdı”, - deyə “168.am” qeyd edib.

Məqalədə maye qaz idxalı ilə bağlı yaranan problemlərə də toxunulub.

Nəşrə görə, məsələni bir kənara qoyaraq sadəcə nəticələrə baxmaq kifayətdir.

“Rusiyadan qazın cəmi bir neçə gün gecikməsi bazarda ciddi qarışıqlıq yaradıb, dərhal qıtlıq yaranıb və qiymətlər bir həftə ərzində 170 dramdan 300 drama qədər yüksəlib. Bir az daha uzunmüddətli problem yaranarsa, nə baş verəcəyini təsəvvür edin.

Belə vəziyyətdə təkcə yüz minlərlə vətəndaş deyil, bütövlükdə iqtisadiyyat zərər çəkəcək. Çünki həm vətəndaşlara, həm də iqtisadiyyata xidmət edən nəqliyyat vasitələrinin böyük hissəsi maye qazla işləyir.

“Vətəndaş Müqaviləsi” nümayəndələri üçün bu problem olmaya bilər. Çünki onlar artıq köhnə “deşik cibləri olan inqilabçılar” deyillər, bahalı avtomobillərlə hərəkət edirlər və maye qazın qiymətinin nə qədər artmasının onlar üçün əhəmiyyəti yoxdur.

İstər ikiqat, istər üçqat bahalaşsın, onsuz da bundan istifadə etmirlər”, - deyə müəllif qeyd edib.

Məqalədə vurğulanıb ki, hakimiyyət hətta Rusiyanın qaz qiymətini artıracağı halda 600 dollara qaz almağa da hazır görünür. Müəllifin sözlərinə görə, onlar zənginləşiblər, lakin sual yaranır, vətəndaş və iqtisadiyyat buna hazırdırmı?

Nəşrdə qeyd olunub ki, nəticələri nəzərə almadan bəyanatlar vermək asandır.

“Son vaxtlar Azərbaycan dəmir yolu vasitəsilə müəyyən məhsullar Ermənistana çatdırılmağa başlayanda Nikol Paşinyan ümidverici açıqlamalar verərək Lars keçidində yaranan problemlərin artıq maye qazın bahalaşmasına səbəb olmayacağını, qazın Azərbaycan dəmir yolu ilə gətiriləcəyini demişdi.

Gördük necə gətirdilər. Son dövrlərdə Ermənistan içkilərinin Rusiya bazarında satışında və Rusiyadan maye qaz idxalında yaranan problemlərin təsadüfi uyğunluq, yoxsa “Ermənistan-Rusiya isti münasibətlərinin” təzahürü olması ilə bağlı hakimiyyət şərh verməkdən yayınır.

Son dövrlərdə hakimiyyət nümayəndələrinin açıqlamaları bir qədər ehtiyatlılaşıb. Onlar əvvəlki kimi “fikirlərinin incilərini” səpələmirlər.

Bununla belə, bu, onların ağıllanması demək deyil. Sadəcə seçkilər ərəfəsində Ermənistan-Rusiya münasibətlərinin bir çoxları üçün həssas mövzu olduğunu nəzərə alaraq daha təmkinli davranırlar”, - deyə müəllif qeyd edib.

Nəşr vurğulayıb ki, Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan açıq gərginlik hələlik Ermənistan iqtisadiyyatına ciddi təsir göstərməyə bilər.

“Lakin bu vəziyyət dərinləşərsə, zərər çəkən tərəf Rusiya deyil, Ermənistan olacaq. Artıq Rusiya bazarında Ermənistanın digər məhsullarına qarşı ixrac sanksiyalarının tətbiqi barədə danışılır. Söhbət xüsusilə kənd təsərrüfatı məhsullarından gedir ki, onlar sanksiyalara qarşı çox həssasdırlar.

Son günlər Ermənistan şirkətlərinin məhsullarının “Wildberries” və OZON platformaları vasitəsilə onlayn satışları da gözlənilmədən dayandırılıb və bundan ilk növbədə kiçik biznes zərər görür”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət   Biznes  


Bizi "telegram"da izləyin