Putin Ermənistanla “yumşaq boşanma” ehtimalından danışıb

2026/05/1778331266.jpg
Oxunub: 522     23:23     09 May 2026    
“Ermənistanın Avropa İttifaqına qoşulmaq planları “xüsusi baxış” tələb edir və İrəvan Avrasiya İqtisadi Birliyi çərçivəsində “əhəmiyyətli üstünlüklər” əldə edir”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Bu, kənd təsərrüfatına, emal sənayesinə, gömrük və digər ödənişlərə və sair məsələlərə, həmçinin miqrasiya sahəsinə aiddir”, - deyə o dəqiqləşdirib.

Putinin fikrincə, Ermənistan mümkün qədər tez qərar verməlidir ki, Avropa İttifaqında, yoxsa Avrasiya İqtisadi Birliyində iştirak edəcək. Bu halda “yumşaq və intellektual boşanma” yolu mümkün ola bilər.

Putin Avrasiya İqtisadi Birliyinin növbəti sammitində respublikanın Avropa İttifaqına üzvlük planlarının müzakirə ediləcəyini istisna etməyib.

“Sadəcə vaxtında demək lazımdır ki, biz belə və belə edəcəyik. Burada qeyri-adi heç nə yoxdur. Hər şeyi hesablamaq lazımdır. Həm erməni tərəfi, həm də biz hesablamalıyıq”, - deyə o bildirib.

Rusiya Prezidenti qeyd edib ki, ruslarla erməniləri əsrlər boyu xüsusi münasibətlər bağlayır: “Əgər erməni xalqı üçün bu və ya digər qərar sərfəlidirsə, buyursunlar, biz buna qarşı çıxmayacağıq”.

Qeyd edək ki, Avrasiya İqtisadi Ali Şurasının Avrasiya İqtisadi Birliyinə üzv dövlət başçıları səviyyəsində növbəti iclası 2026-cı il mayın 28-29-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.

Eyni zamanda Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-nə planlaşdırılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ermənistan  


Bizi "telegram"da izləyin