Ordu.az Polşanın “Defence24” nəşrinə istinadən xəbər verir ki, ikinci partiyanın alınması çərçivəsində 146 ədəd “Borsuk” piyada döyüş maşınının tədarük edilməsi planlaşdırılır.
Sözügedən inkişaf Polşa Silahlı Qüvvələrinin dekabr ayında ilk 15 ədədlik “Borsuk” təhvilini almasından bir neçə ay sonra baş verib.
Polşa 2025-ci ilin martında Polşa Silahlanma Qrupu (PGZ) ilə “Huta Stalowa Wola” arasında 111 ədəd vasitənin tədarükünü əhatə edən 6,57 milyard zlotı (təxminən 1,83 milyard dollar) dəyərində müqavilə imzalamışdı.
İlk partiya təhvilinin 2029-cu ilə qədər tamamlanacağı gözlənilir.
Hədəf 1000-dən çox vasitə
İkinci partiya alışı da baş tutarsa, Polşanın “Borsuk” parkı ümumilikdə 257 vasitəyə çatacaq. Bu sayın dörd mexanikləşdirilmiş piyada batalyonunu təchiz etməyə yetəcəyi, həmçinin 25 vasitənin təlim və ehtiyat istifadə məqsədilə ayrılacağı bildirilir.
Polşa Ordusu əvvəlcə 2035-ci ilə qədər təxminən 588 ədəd “Borsuk” tədarük edərək 10 batalyonu təchiz etməyi planlaşdırırdı. Lakin Ukraynadakı müharibədən sonra Varşova rəhbərliyi ehtiyac miqdarını 1000-dən yuxarı qaldırıb.
Cari tədarük planına görə, Polşanın piyada döyüş maşını konfiqurasiyasında 1014 ədəd “Borsuk” və fərqli variantlarda əlavə 386 vasitə almağı hədəflədiyi bildirilir.
“Borsuk”un xüsusiyyətləri
İlk dəfə 2017-ci ildə təqdim edilən “Borsuk” Polşanın yerli olaraq hazırladığı ilk paletli piyada döyüş maşını olma xüsusiyyətini daşıyır. Platformanın sovet dövründən qalan BMP-1 parkını əvəz etməsi və daha yüksək qoruma, hərəkət qabiliyyəti ilə atəş gücü təqdim etməsi nəzərdə tutulur.
Təxminən 8 metr uzunluğunda və 28 ton ağırlığında olan vasitə üç nəfərlik heyətlə yanaşı altı piyada da daşıya bilir.
720 at gücünə malik MTU turbo dizel mühərriki və Allison 3040 MX transmissiya sistemi ilə təchiz edilən “Borsuk” saatda 65 kilometr sürət yığa bilir. Vasitənin əməliyyat məsafəsinin isə təxminən 550 kilometr olduğu bildirilir.
Vasitədə istifadə olunan ZSSW-30 pilotsuz qüllə sistemi “WB Electronics” istehsalı olan avtomatik atəş idarəetmə sistemi, 30 mm Mk44S “Bushmaster” topu və 7,62 mm UKM-2000C pulemyotu ehtiva edir.
Qüllə sistemi həmçinin 5.500 metr məsafəyə malik “Spike LR” tankəleyhinə raketlərlə də təchiz edilə bilir.
Sevinc Əliyeva
Ordu.az