Ordu.az Belçika mətbuatına istinadən xəbər verir ki, ölkə hökuməti ABŞ-dən təxminən 3.69 milyard dollar (3.13 milyard avro) dəyərində “hava-hava” və hava hücumundan müdafiə raketlərinin tədarükü üçün təsdiq tələbi göndərib.
“De Tijd” və “L’Echo” qəzetlərinin məlumatına görə, ABŞ Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin (DSCA) sənədlərində yer alan sifariş çərçivəsində “RTX Corporation” tərəfindən istehsal edilən AIM-120 AMRAAM raketləri də var.
F-35 və NASAMS sistemlərində istifadə olunacaq
Tədarük edilməsi planlaşdırılan raketlərin Belçika Hərbi Hava Qüvvələrinin inventarındakı 45 ədəd “Lockheed Martin” F-35 “Lightning II” döyüş təyyarəsində istifadə olunması ilə yanaşı, NASAMS hava hücumundan müdafiə sistemlərinə də inteqrasiya edilməsi nəzərdə tutulur.
Radarla yönləndirilən AIM-120 AMRAAM raketləri döyüş təyyarələri və digər hava hədəflərinə qarşı istifadə edilmək üçün hazırlanıb. Sistem xüsusilə Ukraynadakı müharibədə göstərdiyi performansla beynəlxalq ictimaiyyətin diqqətini çəkib.
Belçika istehsalı ölkəyə cəlb etmək istəyir
Məlumatda Belçikanın yalnız sursat tədarük etməyi deyil, eyni zamanda “Raytheon”un istehsal fəaliyyətlərinin bir hissəsini ölkəyə cəlb etməyi hədəflədiyi bildirilib.
Bu çərçivədə Avropaya təhvil veriləcək AMRAAM raketlərinin istehsalı üçün Limburg bölgəsindəki Zutendaalda yerləşən “FN Browning Group” müəssisəsinin qiymətləndirilməsi istiqamətində danışıqların davam etdiyi ifadə olunub.
Niderland ilə rəqabət yaşanır
Belçikanın bu sahədəki təşəbbüsünün daha əvvəl böyük miqyaslı AMRAAM sifarişləri verən Niderland ilə istehsal müqaviləsi mövzusunda rəqabəti də özü ilə gətirdiyi qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az