Türkiyə Silahlı Qüvvələrinin hava hücumundan müdafiə gücünü artırmağa yönəlmiş layihələrinə yenisini əlavə edən ASELSAN yeni nəsil təhdidlərə qarşı hazırlanmış KORKUT 100/25 sistemi ilə bağlı görüntü paylaşıb.
Süni zəka ilə ani aşkarlama və tanıma
İnkişaf edən texnologiya ilə birlikdə döyüş meydanlarında istifadəsi artan mini və mikro PUA-ların məhv edilməsi üçün xüsusi hazırlanmış KORKUT 100/25 qabaqcıl sensor infrastrukturu və süni zəka dəstəyi ilə önə çıxır. Sistem radarına daxil olan hədəfləri süni zəka alqoritmləri sayəsində saniyələr içində aşkarlayaraq növünə görə tanıya bilir. Bu xüsusiyyət operatorların qərarvermə prosesini sürətləndirir və səhv ehtimalını minimuma endirir.
ATOM sursatı ilə tam dəqiqlik
Sistemin zərbə gücünü isə ASELSAN istehsalı olan ATOM 25 mm qəlpəli sursat təşkil edir. Kiçik və yüksək manevr qabiliyyətinə malik PUA-lara qarşı ənənəvi sursatların kifayət etmədiyi hallarda işə düşən ATOM hədəf yolunda havada parçalanaraq geniş qəlpə buludu yaradır. Bunun sayəsində millimetr ölçülü hərəkətli hədəflər belə yüksək effektivlik nisbəti ilə zərərsizləşdirilir.
Yüksək manevr qabiliyyətinə qarşı effektiv həll
ASELSAN tərəfindən paylaşılan görüntülərdə sistemin xüsusilə aşkarlanması çətin olan çevik və kiçik PUA-lara qarşı nümayiş etdirdiyi performans diqqət çəkib. KORKUT 100/25 kritik obyektlərin qorunması, konvoy təhlükəsizliyinin təmin edilməsi və sərhəd xətlərində PUA sızmalarının qarşısının alınmasında Türkiyənin təhlükəsizlik qüvvələrinə strateji üstünlük qazandırmağı hədəfləyir.
Müdafiə sənayesi ekspertləri yerli və milli imkanlarla hazırlanan bu sistemin Türkiyənin “PUA ovçusu” texnologiyalarında dünyadakı aparıcı mövqeyini möhkəmləndirəcəyini vurğulayırlar.
Sevinc Əliyeva
Ordu.az