Xarici asılılığa “milli” möhür: Kritik sınaq infrastrukturları yerliləşir

2026/04/1777117876.jpg
Oxunub: 521     15:49     25 Aprel 2026    
Türkiyə müdafiə və aviasiya sənayesi daxilində hazırlanan milli platformalarda daha əvvəl xaricdən tədarük edilən kritik sınaq infrastrukturlarının yerini yerli həllər alır.

Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmos sənayesi klasteri olan SAHA İstanbulun təşkilatçılığı ilə keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi mayın 5-9-da İstanbul Sərgi Mərkəzində keçiriləcək.

Türkiyənin aviasiya platformalarında son illərdə artan yerliləşmə nisbəti bu platformaların hazırlanması, istehsalı və texniki xidməti proseslərində istifadə olunan sınaq infrastrukturlarına ehtiyacı da artırır.

Uçuş idarəetmə kompüterlərinin yoxlanılmasından rotor pərlərinin balanslanmasına, avionik rabitə modullarının simulyasiyasından köməkçi güc qurğularının (APU) sınaqdan keçirilməsinə qədər uzanan bu kritik infrastrukturlar uzun illər böyük ölçüdə idxal sistemlərlə qarşılanıb. Bu gün isə bu sahədə yerli və yüksək texnologiyalı həllər ön plana çıxır.

Milli məhsul ailəsi

Aviasiya platformalarındakı kritik sistemlərin bir-biri ilə fasiləsiz və etibarlı şəkildə əlaqə saxlamasını təmin edən avionik məlumat yolları sınaq proseslərinin ən həssas komponentlərindən birini təşkil edir. Bu məlumat yollarını simulyasiya edən, izləyən və sınaqdan keçirən modullar dünyada məhdud sayda istehsalçı tərəfindən hazırlanır və xaricdən tədarük edilir.

Türkiyə müdafiə və aviasiya sənayesində xüsusilə sınaq və ölçmə sistemləri sahəsində ixtisaslaşan DEICO-nun öz qeydiyyatlı markası altında hazırladığı “Aviolinks” məhsul ailəsi bu sahədə yerli istehsal ehtiyacına güclü cavab təqdim edir. MIL-STD-1553, ARINC-429 və ARINC-825 protokollarını dəstəkləyən interfeys modullarından ibarət bu məhsul ailəsi avionik sınaq sistemlərinin rabitə təbəqəsinin yerli imkanlarla qurulmasını mümkün edir.

Qlobal təchizat zəncirlərində yaşanan qırılmalar və müdafiə sənayesində artan müstəqillik ehtiyacı bu cür kritik komponentlərdə yerli həllərin strateji əhəmiyyətini hər keçən gün daha da artırır.

Platformaya xüsusi mühəndislik

DEICO-nun mühəndislik imkanları yalnız avionik interfeyslərlə məhdudlaşmır, aviasiya sənayesinin istehsal və texniki xidmət proseslərində ehtiyac duyulan geniş dinamik sınaq sistemləri portfelini əhatə edir.

Helikopter rotor pərləri üçün hazırlanmış “whirltower” sistemi pərlərin uçuşa ehtiyac olmadan yer şəraitində, real işləmə sürətlərində fırladılaraq balanslanmasını təmin edir. Bunun sayəsində uçuş vibrasiyaları azalır, hissələrin ömrü uzadılır və texniki xidmət xərcləri əhəmiyyətli dərəcədə aşağı düşür.

Uçuşdan əvvəl təminat

Hazırlanan sistem inteqrasiya laboratoriyaları hava vasitələrinin “beyni” kimi xarakterizə edilən avionik sistemlərin uçuşdan əvvəl birlikdə və uyğun şəkildə işlədiyini təsdiqləmək məqsədilə layihələndirilir.

Real kokpit mühitini simulyasiya edən bu laboratoriyalar tapşırıq kompüteri, naviqasiya sistemləri və sensorlar kimi bütün avionik komponentləri inteqrasiya edərək təyyarənin hələ yerdə olarkən uçuşa hazır olub-olmadığını sınaqdan keçirmək imkanı təqdim edir. Bu yanaşma sayəsində mümkün nasazlıqlar erkən mərhələdə aşkarlanır, hazırlıq və sertifikasiya prosesləri əhəmiyyətli dərəcədə qısaldılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SAHA-2026  


Bizi "telegram"da izləyin