SAHA 2026 sərgisində milyardlarla dollarlıq razılaşmalar və yeni sistemlər gündəmdədir

2026/04/1777116849.jpg
Oxunub: 646     15:32     25 Aprel 2026    
SAHA EXPO öncəsi keçirilən mətbuat məlumatlandırma toplantısında Türkiyə müdafiə sənayesinin mövcud layihələri və gələcək planlamaları ilə bağlı mühüm açıqlamalar verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“SAHA İstanbul” İdarə Heyətinin sədri Haluk Bayraktar bildirib ki, sərgidə yüksək həcmli müqavilələr və yeni platforma təqdimatları ön plana çıxacaq.

8 milyard dollarlıq müqavilə və beynəlxalq iştirak

SAHA İstanbul İdarə Heyətinin sədri Haluk Bayraktar açıqlayıb ki, SAHA 2026 çərçivəsində təxminən 8 milyard dollarlıq müqavilələrin imzalanması gözlənilir. Bayraktar sərgidə ABŞ və Avropa başda olmaqla beynəlxalq iştirakın yüksək olacağını bildirib.

Bayraktar, həmçinin TB3 platforması ilə bağlı yeniliklərin sərgidə gündəmə gələ biləcəyini bildirərək deyib: “Sərgidə bəlkə inkişaf imzası olmasa da, fərqli sürprizlər olacaq. Çox fərqli məhsul təqdimatları olacaq. Bu, hər şirkət üçün keçərlidir”.

81 vilayətdə pilotsuz uçuş aparatı istehsalı və təlim şəbəkəsi qurulur

Bayraktar Türkiyə üzrə pilotsuz sistemlərin istehsal gücünün artırılmasına yönəlmiş yeni model üzərində işlədiklərini bildirib. “Heç nə edə bilmiriksə belə, ən azı hər vilayətimizdə bir pilotsuz uçuş aparatı istehsalı və təlim mərkəzi qurmağı hədəfləyirik”, - deyə o bildirib.

Bu çərçivədə 81 vilayətdə mərkəz qurulmasının planlaşdırıldığını bildirən Bayraktar deyib: “Beləliklə, istənilən anda milyonlarla pilotsuz uçuş aparatı istehsal edə biləcək gücə bütün ölkə üzrə birdən-birə çatmış olacağıq”. Mərkəzlərin maliyyələşdirilməsində SAHA sərgisinin gəlirlərindən istifadə olunacağı bildirilib.

“Gəzən sursat” və sürü texnologiyalarında genişlənmə

Bayraktar “Baykar”ın “gəzən sursat” sahəsinə yönəlmiş investisiyalarını davam etdirdiyini bildirərək, müxtəlif platforma seqmentlərində genişmiqyaslı Ar-Ge fəaliyyətlərinin aparıldığını deyib: “Ən kiçiyindən ən böyüyünə qədər milli infrastrukturla geniş spektrdə Ar-Ge aparılır”.

K2 platformasının şirkət daxilində hazırlandığını bildirən Bayraktar süni zəka əsaslı sürü texnologiyaları üzərində işlərin davam etdiyini, FPV pilotsuz uçuş aparatı sahəsində isə əməkdaşlıqların və startap dəstəklərinin sürdüyünü qeyd edib.

ASELSAN-dan təbəqəli müdafiə və yeni nəsil sistem vurğusu

ASELSAN-ın baş direktoru Ahmet Akyol iri həcmli müdafiə sistemləri ilə yanaşı kiçik və çevik platformaların əhəmiyyətinə diqqət çəkib: “Biz böyük məhsullar hazırlamağa çalışırıq. Siper 1, 2, 3 var. ALP ailəsi var. Amma kiçik sistemlər çox önəmlidir. Kamikadzelər çox ön plana çıxır”.

Akyol bildirib ki, SAHA 2026 çərçivəsində suüstü və sualtı sahələrdə yeni sistemlər təqdim olunacaq. “Bu sahəyə çox ciddi investisiya yatıran türk şirkətləri var”.

“Polad Günbəz” layihəsi ilə bağlı isə o deyib: “Polad Günbəz”in komanda-idarəetmə proqram təminatını biz hazırlayırıq. Təbəqəli, inteqrə edilmiş, 5G əsaslı şəkildə irəliləyir”. Akyol bildirib ki, sistem qarşıdakı aylarda Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyat qaydasında istifadəyə veriləcək.

ALTAY tankı və ALTUĞ zirehli texnikası SAHA EXPO-da nümayiş olunacaq

BMC-nin baş direktoru Mehmet Karaaslan açıqlayıb ki, SAHA EXPO çərçivəsində ALTAY əsas döyüş tankının seriyalı istehsal xəttindən çıxmış versiyası nümayiş etdiriləcək.

Karaaslan həmçinin deyib: “ALTUĞ zirehli texnikasının yeni versiyası və yeni bir 4x4 texnika sərgidə yer alacaq”.

KAAN və ANKA-3 proqramlarında kritik təqvim

TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu KAAN döyüş təyyarəsi proqramı ilə bağlı bildirib ki, bu ilin yay aylarında iki prototip uçuş həyata keçirəcək.

Demiroğlu ANKA-3 proqramının planlaşdırıldığı şəkildə irəlilədiyini bildirərək deyib: “Yekun seriyalı istehsal konfiqurasiyasının ilk uçuşu 2027-ci ilin əvvəlində baş tutacaq”. O, həmçinin bu cür proqramlarda bir neçə aylıq təqvim sapmalarının normal qarşılandığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA-2026   Türkiyə  


Bizi "telegram"da izləyin